Dollarla bağlı vacib QƏRAR VERİLDİ - Manatı hansı təhlükə GÖZLƏYİR?

Dollara tələb artmaqda davam edir. Ötən gün – dekabrın 14-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 70,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Qeyd edək ki, 12 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 69,1 milyon ABŞ dolları təşkil etmişdi. 7 dekabr 2023-cü il tarixində həracda isə tələb 44,8 milyon ABŞ dolları olmuşdu. 2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 92 valyuta hərracında banklara cəmi 3 milyard 587,1 milyon dollar satılıb.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a deyib ki, dollara tələbin artmasına baxmayaraq ölkəyə girən dollar çıxan dollardan çoxdur:

“Mərkəzi Bank il ərzində bazardan dollar yığıb ki, manat bahalaşmasın. Nəticə etibarilə Mərkəzi Bankın ehtiyyatları artıb. Eyni zamanda son aylarda bankların özünün də nağd alışı nağd satışından çox olub. Dekabr ayında fəsillə bağlı dollara tələbatın artmasına baxmayaraq manatı heç bir təhlükə gözləmir. Neftin qiyməti də yüksəkdir. Buna görə də hələki manatı üçün elə bir ciddi təhlükə ola bilməz".

İqtisadçı bu ilin 12 aylıq proqnozunu qeyd edərək bildirib ki, növbəti il üçün büdcənin neft qiyməti ilə bağlı proqnozu və digər bir sıra məsələlər çərçivəsində manatın dollara qarşı 1,70 müəyyənləşdirilmiş kursu davam edəcək. Onun sözlərinə görə, sonrakı illərdə necə olacaqsa, bunu yalnız gələn ilin sonlarına doğru müəyyən etmək olar.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirir ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır:

“Son 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, ötən həftə isə 95.1 milyon dollarlıq sifariş olub. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”.

Deputat qeyd edib ki, Azərbaycanda hələki üzən məzənnə rejiminə keçirilməyib. Onun sözlərinə görə, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır: “Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

15.12.2023 22:52
1943