Ekspert: “Neftin qiyməti artarsa, hökumət devalvasiyaya gedəcək və...”
Ölkədə xarici valyutalara ehtiyac çox artıb. Bazarda tələbatın artması rəsmi statistik göstəricilərdə də əksini tapır. Mərkəzi Bank hələ avqustun son günlərində statistika açıqlayanda vəziyyətin nə yerdə olduğu aşkar görünürdü. Məlum olmuşdu ki, keçən ilin eyni dövrü ilə müqayisədə xarici valyuta satışı 2,2 dəfə artıb. Təkcə avqustu müqayisə edəndə aylıq göstəricinin 44 faiz artması diqqət çəkirdi.
Bizimyol.info xəbər verir ki, ölkədə valyuta satışına məhdudiyyət qoyula bilər. Mərkəzi Bankın çox narahat olduğu nəzərə çarpır. Yoxsa sentyabrın 18-də mürəkkəb ifadələrin yer aldığı, amma diqqətlə oxuyanda məramın hiss edildiyi açıqlama verilməzdi. Mərkəzi Bank tələbatın kəskin artmasına görə narahatlıq yaşayır. Belə tələbat devalvasiya ehtimalını artırır. Bunun istənilən halda baş verəcəyini bilirik. Görünür, Mərkəzi Bank daha çətin situasiya ilə üz-üzə qalıb.
Açıqlamada deyilir: “Bu ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, ölkədə fəaliyyət göstərən müəssisələrin ticarət kreditləri üzrə öhdəliklərini azaltması ilə bağlı artan valyuta tələbi AMB-nin təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə valyuta bazarına satışyönlü müdaxilə istisna olunmur. Bu əməliyyatlar 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4,2 milyard ABŞ dolları dəyərində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək”.
Nə qədər mürəkkəb görünsə də, ifadələr anlaşılandır. Valyuta satışının gözləniləndən xeyli çox artması devalvasiyaya doğru sürəti yüksəldir. Mərkəzi Bank prosesin tez baş verməsini istəmir. Yəqin ki, dollar və avro satışına məhdudiyyət qoyulacaq. Beynəlxalq tədbirdən sonra isə devalvasiyanı hər an gözləməyə dəyərmi?
Qeyd etmək yerinə düşər ki, artıq bir müddətdir ki, dolların bahalaşacağı ilə bağlı proqnozlar verilir.
İqtisadçı Asif İbrahimov bizimlə söhbətdə bununla bağlı fikrini bölüşüb: “Əlbəttə ki, yanılmaq istəyirəm. Amma belə görünür ki, Azərbaycan hökuməti ya COP29-dan öncə, ya da sonra (ən gec yanvar, 2025-də) yeni devalvasiyaya gedəcək. Bunu deməyə bir sıra əsaslarım var:
Ən önəmli səbəb Azərbaycanın xarici ticarət balansında yaranan azalmadır.
Azərbaycan tipli ölkələrin hər 10 ildən bir öz monetar siyasətlərinə yenidən baxma məcburiyyəti. Son devalvasiya 2015-ci ildə, yeni manata keçid isə 2005-ci ildə baş tutmuşdu.
Devalvasiya qərarlarının verilmə tarixlərinə diqqət yetirsəniz görərsiniz ki, 2015-ci ildə Avropa Oyunları keçirilmiş, 2017-ci ildə keçirilən İslam Oyunlarında isə USD 1.95 AZN-ə qədər qalxmışdı.
Özümüz əlavə dəyər yaratmağı bacarmadığımız və demək olar ki, hər şeyi idxal etdiyimiz üçün cüt rəqəmli inflyasiya da qaçılmazdır".
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirova görə isə narahatlığa əsas yoxdur: “Bir neçə gün öncə Mərkəzi Bankda AMB sədri hörmətli Taleh Kazımovla görüşümüz oldu. Eyni zamanda AMB rəhbər şəxslərinin də iştirakı ilə 2024-cü ilin birinci yarım ili üzrə tədiyyə balansının göstəriciləri təqdim edildi. Həmçinin sektor üzrə bir çox məsələlər müzakirə edildi. Görüş, ümumiyyətlə, məhsuldar keçdi. Ən əsası ictimaiyyəti ən çox maraqlandıran məsələ olan manatın taleyinə dair belə qənaətə gəldim ki, hələ uzun müddət manatın dollar qarşısında ucuzlaşmasına dair düşünməyə gərək yoxdur".
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Mərkəzi Bankın bəyanatı ilə tanışam. Bundan başqa Mərkəzi Bankın sədrinin iqtisadçılarla görüşündə də mütəmadi iştirak edirəm. Bəzi məsələlərdə orada birbaşa sual müzakirə etmək imkanları da olur. Tamam doğru bir təsbitdir ki, Mərkəzi Bank artan tələbi öz rezervləri hesabına ehtiyatlı şəkildə tədricən ödəyəcəyinə dair mesaj verir. Çünki son bir neçə ildə demək olar ki, 2017-ci ildən Mərkəzi Bankın rezervləri ardıcıl artır. Bəzi aylarda stabilləşmə olur, cüzi azalma olur. Amma ümumi trend artım istiqamətindədir. Mərkəzi Bank hələ rəqəm də səsləndirərək mesaj verir ki, manatın məzənnəsinin bahalaşmaması üçün son iki ildə həm 4.2 milyard bazardan pul toplayıb. MB pulu nə vaxt toplayır? Alan olmayanda MB alır. Eyni zamanda işarət verir ki, 4.2 milyard dollarlıq sata bilərəm. Bu mənim şəxsi qənaətimdir, 4.2 milyard dollarlıq rezervini azaltmağa hazırdır. Bu da bazardakı tələbin artması ilə əlaqədardır. İdxalın statistikasına baxanda burada iki çox mühüm məqam var. Birincisi tələbi yaradan dövlətin özüdür. Mən o idxalın statistikasına baxmışam, orada əhalinin ərzaqla, istehlakla bağlı xərcləri çoxalmayıb ki, deyək camaatın vəziyyəti yaxşılaşdı, daha çox yeməyə başladılar. Burada daha çox dövlətin investisiya xərcləridir. COP-la əlaqədar, tikinti, Qarabağın, Şərqi Zəngəzurun bərpası ilə əlaqədardır. Hər il Qarabağın, Şərqi Zəngəzurun bərpası ilə əlaqədar milyardlarla vəsaitlər ayrılır ki, bunların hər birində idxal elementləri var. Heç bir məhsul birbaşa tam olaraq Azərbaycanda formalaşmır. Hansısa iş xidməti, tikinti işləri aparılanda xaricə idxal artır. İdxalı artıran elə dövlət büdcəsindən maliyyələşmədir. Yəni əhali tərəfindən mən ciddi devalvasiya təzyiqi görmürəm, xərclərini artırmayıb. İdxal kəskin artmayıb, deyək ki, burada problem var, ayağımızı yorğanımıza görə uzatmırıq. İndiki məqamın digər bir xüsusiyyətinə toxunaq. 2015-2016-cı illərdə yastıq altında nağd manatlar, dollarlar çox idi, limit yox idi. İndi Mərkəzi Bank bazara ciddi şəkildə nəzarət edir. Heç bir vətəndaş mənbə göstərmədən 20 mindən artıq dollar ala bilmir. İkincisi, cari hesablarınızdakı vəsaitləri xarici valyutada əsassız saxlaya bilməzsiniz, alıb ödəniş etməlisiniz. Üçüncüsü, nağdsız hesablaşmaların coğrafiyası çox genişlənib. Onsuz da nəzarət var. Nəzarət sərtləşdirilə bilərmi? Bu nəzəri olaraq mümkündür. Amma mən düşünmürəm, Mərkəzi Bank hazırda ciddi surətdə bu dilemma qarşısındadır ki, devalvasiyaya gedək, ya yox. Keçən ilə görə tələbat artıb. Pis xəbər odur ki, neft hasilatı azalıb”.
Ekspert əlavə edib ki, daha bir pis xəbər neftin qiymətinin 2020-2023-cü ilə görə aşağı olmasıdır: “Amma istənilən halda bunlar proqnozlaşdırılan idi. İkincisi, neft qiymətləri aşağı düşsə də, yenə də yüksək olaraq qalır. Mərkəzi Bankın hazırda devalvasiyaya getməsi üçün gərginlik yoxdur, məcbur deyil. Neft qiymətləri hələ ki dövlət üçün komfortlu zonadadır. Tədiyyə balansının profisiti aşağı düşsə də, yenə də müsbətdir. Ehtiyatlar artır. Düşünmürəm ki, indiki məqamda hansısa tədbirdən sonra devalvasiya haqqında qərar verilə bilər. Ümumi şəkildə insanlar bilməlidir ki, manatın dollara nisbətini saxlamasına dair nə hökumətin, nə də Mərkəzi Bankın xalq qarşısında cavabdehliyi yoxdur. Tədiyyə balansına uyğun olaraq gələcəkdə bu addım çox rahat şəkildə atıla bilər. Bunun sosial-psixoloji neqativ nəticələri, inflyasiyaya təsiri nəzərə alınaraq çalışırlar ki, mümkün qədər bundan yan keçilsin. MB-nın 4.2 milyard dollar alınması da elə müsbət haldır, MB pul toplayıb ki, manat 1.70-də qalsın. Bu baxımdan düşünmürəm ki, Mərkəzi Bank hansısa tədbirə görə işini planlaşdıra. Amma ümumi şəkildə bu ehtimal gündəlikdədir. Bu məsələnin aktuallaşması neftin dünya bazarı qiymətlərində orta müddətli dönəmlərində nə cür qərarlaşacağına dair mülahizələr olacaq. Çünki hökumət qısamüddətli, bir-iki aylıq idarə edə bilər. Amma orta müddətli dönəmdə neftin qiyməti tədiyyə balansı üçün neqativ qalıq yaradılacağı güman edilsə, bu addımı ata bilər. Bu addımın atılması inflyasiyanı yüksəldilməsidir, əhalinin sosial cəhətdən zəif təbəqəsinə ağır zərbədir. Onsuz da formalaşmış qiymətlər pandemiyadan, Rusiya-Ukrayna müharibəsindən sonra əhalini ciddi narahat edir”.
Qeyd edək ki, sentyabr ayında ötən həftə ABŞ Federal Ehtiyatlar Sisteminin, Avropa, İngiltərə, Yaponiya və Türkiyə Cümhuriyyəti mərkəzi banklarının faiz qərarları investorların diqqət mərkəzində yer alan əsas xəbərlər idi. Ötən həftənin çərşənbə günü Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini proqnozlaşdırılandan daha çox - 0.50% endirdi ki, bu, 2020-ci ildən bəri reallaşan ilk faiz endirimidir. Nəticədə, dolların valyuta birjalarında ucuzlaşması daha kəskin xarakter aldı. Sentyabrın 19-unda baş tutmuş toplantısında İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini növbəti dəfə sabit saxladı. Bu isə funt-sterlinqin valyuta birjalarındakı qiymətlərinə bir qədər də dəstək oldu. Nəticədə, GBPUSD məzənnəsi 1.33$ həddinə qədər bahalaşdı.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 19 sentyabr tarixli bəyanatına əsasən, tənzimləyici qurum ardıcıl altıncı dəfə uçot faiz dərəcəsini dəyişməyib və onu 50% səviyyəsində saxlayıb.
20 sentyabr tarixində isə Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqladı. BoJ yayımladığı bəyanatda faiz dərəcələrini dəyişməyərək 0.25% səviyyəsində saxladığını qeyd etdi.
Bu həftə ərzində Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, xüsusən də Amerikada ÜDM-in həcmi, “Conference Board” İstehlakçıların İnam İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Şəxsi Xərclər İndeksi kimi inflyasiya rəqəmləri, Avstraliya və İsveçrə Mərkəzi Banklarının faiz qərarları, həmçinin, FED sədri Cerom Pavelin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın və ABŞ maliyyə naziri Cennet Yellenin çıxışları investorların diqqət mərkəzində olacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”