Dünya ölkələrində pul siyasətinin müəyyənləşməsində dolların məzənnəsi mühüm rol oynayır. Bir çox hallarda ilin sonlarına doğru hansısa bahalaşma məsələsi müzakirə edilir. Maraqlıdır, yaxın gələcəkdə dolların kursu hansı istiqamətə dəyişəcək və rəqabətdə dolların artmasının manata mənfi təsirləri olacaqmı?
Musavat.com-un əməkdaşı bu suallar ətrafında iqtisadçı-ekspert Eldəniz Əmirovla söhbət edib.
Ekspert ən son vəziyyəti təhlil edib:
"Dolların gücləndiyi ölkələrə nəzər salsaq, görərik ki, yerli valyutalar, yəni hər bir ölkənin öz milli valyutası bazar iqtisadiyyatının şərtləri daxilində məzənnə formalaşmasına məruz qalır. Bu da o deməkdir ki, dövlət qurumu tərəfindən hər hansı bir inzibati müdaxilə olmur, yəni bazar özü tənzimləyir. Bu zaman təbii şəkildə Amerika iqtisadiyyatının getdikcə güclənməsi, dollar üzrə olan ticarət dövriyyələrinin sayının artması, ehtiyat valyuta olaraq da günü gündən dollara müraciətin səviyyəsinin artması birmənalı olaraq dolları gücləndirən faktordur. Digər bir faktor isə tam rəqib ola bilməsə də, müəyyən qədər rəqib olmağa çalışan valyutaların olduğu coğrafiyalarda iqtisadiyyatda tənəzzüllər və bəzi xoşagəlməz məqamlar dolları bir az da gücləndirir. Dolların belə gücləndiyi təqdirdə həmin ölkələrin iqtisadiyyatında yerli valyutaya birbaşa müdaxilələrin olmaması məcburi şəkildə lirəni də dollara qarşı ucuzlaşdırır, rublu da. Hətta avroda və digər valyutalarda da biz bunu görürük. Belə bir vəziyyətdə manatı yaxın gələcəkdə gözləyən aqibətə gəlincə, digər valyutalardan fərqli olaraq, manatın məzənnəsini Mərkəzi Bank tənzimləyir. Buna "tənzimlənmədən" çox "təyinetmə" desək, daha doğru olar. Bir məsələni də qeyd edək ki, hazırkı vəziyyətdə bu yanaşma doğru yanaşmadır. Çünki ixracın, ələxsus da qeyri-neft ixracının o qədər də yuxarı səviyyədə olmaması manata olan təzyiqi artıran faktordur. Amma manata olan təzyiqin artması isə avtomatik şəkildə manatın məzənnəsini ucuzlaşdırar və dolların bahalaşmasına gətirib çıxarardı. Bankın bu şəkildə tənzimlənməsi doğru yanaşmadır. Nəzərə alsaq ki, bunu etmək üçün ölkənin maliyyə resursları vardır, yəni manata olan təzyiq artanda dollara olan tələbin artması deməkdir. Dollara olan tələb artdığı zaman lazım olan bazara dolları lazımı qədər çıxarmaq imkanı varmı? Bəli var".
Eldəniz Əmirov, həmçinin deyir ki, ölkəmizdə dollara olan tələblərdə azalmalar müşahidə olunur.
"Ölkədə dollara olan tələblərdə azalmalar müşahidə edilir. Bir neçə ay məktəb, təhsil kimi faktorlarla əlaqədar dollara tələb nisbətən artsa da, geniş miqyasda götürsək, dollara olan tələb kifayət qədər azalıb. Bu da manata olan təzyiqin azalması deməkdir. Manatın məzənnə stabilliyinin qorunub saxlanması üçün hər hansı bir təhlükə yoxdur. Ölkənin valyuta ehtiyatları var, neft nəzərdə tutulan qiymətdən baha satılır, dollara olan tələbat idarəedici səviyyədədir. Bütün bu parametrlər deməyə əsas verir ki, dolların bahalaşması manatın ucuzlaşdırılması üçün bir əsas yoxdur" - deyə o bildirib.
Dürrə Həsənova,
Musavat.com