İlham Şaban: “Kulminasiya nöqtəsi “tik-toker”lərin “vaxsey, devalvasiya olacaq” mesajlarıdır...”
Son aylarda Azərbaycanda dollara tələbatın artması müşahidə olunur. Bu proses Mərkəzi Bankda keçirilən valyuta hərraclarından da açıq görünür: 2024-cü ilin əvvəlindən indiyədək keçirilmiş 15 valyuta hərracında banklara 1 milyard 207,7 milyon dollar satılıb. Bunun 417,1 milyon dolları yanvar ayında keçirilən 7 valyuta hərracında satılıb. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 228.5 milyon dollar çoxdur. Belə ki, 2023-cü ilin yanvar ayında keçirilən valyuta hərraclarında 188.6 milyon ABŞ dolları satılmışdı.
Fevral ayında isə 8 hərracda bankların dollar tələbi 790,6 milyon dollara yüksəlib. Nəzərə alsaq ki, 2023-cü ilin fevral ayında Mərkəzi Bankda keçirilmiş 8 valyuta hərracında banklara cəmi 356,5 milyon dollar satılmışdı, onda bu il tələbin 2,2 dəfədən çox artdığını görərik.
Ölkədə dollar alışlarının artmasını göstərən digər göstəricilər də diqqəti cəlb edir. Belə ki, Mərkəzi Bankın statistikasına görə, yanvar ayında ölkədə xarici valyutada olan depozitlərin həcmi 2023-cü ilin dekabrı ilə müqayisədə xeyli artıb - yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib. Bu ilin yanvarında milli valyutada depozitlər 381,1 milyon manat azalıb. Ekspertlərə görə, əhali manatda olan depozitlərini dollara dəyişməyə başlayıb.
Bundan əlavə, 2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. 2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82 faizi xarici valyutada verilən kreditlərlə bağlı olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin son aylarında dollara tələbatın artımının mövsümi xarakter daşıdığını açıqlamışdı. Qurumdan bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb, adətən, əvvəlki aylarla müqayisədə yüksək olur: “Nümunə olaraq, 2017-22-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69 faizində tələb təklifi üstələyib, ötən il(2022-ci il – red.) dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43 faiz çox olub”.
AMB bu mövqeyində indi də qalmaqdadır. Bir müddət əvvəl qurumdan “Yeni Müsavat”a verilən məlumatda qeyd olunur ki, hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır: “Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır”.
AMB bəyan edir ki, artan dollar tələbatının tam qarşılanması imkanları yetərincədir: “Qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyllərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”.
Maraqlıdır ki, gömrük statistikasında idxalın artması deyil, azalması prosesinin getdiyi görünür. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən yanvarda ölkənin ixracı 1 milyard 843 milyon 976.83 min dollar, idxalı isə 1 milyard 142 milyon 115.63 min dollar təşkil edib. Müsbət saldo 701 milyon 861.20 min dollar olub. Ötən ilin yanvarında ixrac 1 milyard 876 milyon 842.78 min dollar, idxal 1 milyard 412 milyon 686.62 min dollar, müsbət saldo 464 milyon 156.16 min dollar olmuşdu. Bu isə o deməkdir ki, yanvarda idxalda illik ifadədə 300 milyon dollardan yuxarı azalma var. Bu, dollar tələbatın artımının idxaldan qaynaqlanması ehtimalının reallıq payını kəskin şəkildə azaldır.
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, manatın taleyi ilə bağlı Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var: “Fevralın ortalarında hərraclarda dollar satışı pik həddə çatdı, sonrakı hərraclarda tələbdə azalma müşahidə olunur. İdxalda olan dinamika ilə dollar tələbin dinamikasına baxdıqda, tərs mütənasiblik olduğunu görmək mümkündür. Bu isə dollar tələbin artmasında insanların devalvasiya qorxusu ilə manatda olan vəsaitlərini dollar çevirmələrinin əsas rol oyandığını deməyə əsas verir. Yəni hazırda dollar alışının artması sırf psixoloji amillə bağlıdır. Buna görə də hesab edirəm ki, Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var. Çünki dollara olan tələbin artması, təkcə manata olan təzyiqi artırmaqla bitmir. O həm də iqtisadi aktivliyi aşağı salır. Sadəcə dildə desək, insanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün xərcləməli olduqları pulu xərcləmir, dollara çevirib saxlamağa üstünlük verir. Hələ üstəgəl manatla olan əmanətlərini də dollara çevirməyə çalışır. Bu zəncirvari şəkildə dollar tələbini artırır, manatı sıxır, aktivliyi öldürür. Bu durum iqtisadiyyatın bir çox sektorlarına ciddi mənfi təsir edir. Buna görə də əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə - rəsmi açıqlama ilə psixoloji gərginliyi azalda bilər”.
Ekspert bildirir ki, Mərkəzi Bank öz açıqlaması ilə əhalini əmin etməlidir ki, ən azı 2024-cü ildə devalvasiya olmayacaq: “Əminəm ki, belə bir açıqlamadan az sonra dollara tələbatın azalması baş verəcək. Mərkəzi Bank açıqlamada ölkədə tələbatı qarşılamağa imkan verəcək həddə valyuta olduğunu, ölkəyə valyuta axınının tələbdən yüksək həcmdə təmin edildiyini diqqətə çatdırmalıdır”.
İqtisadçı-ekspert İlham Şabanın fikrincə, baş verənlər bankların daha çox qazanmaq istəyindən qaynaqlanır: “Bütün bunlar öz banklarımızın fırıldağıdır. Manatla illik depozit faizi 8,5 faizdir, dollarla 1 faiz. Baxırlar ki, birinci rübdə tutaq ki, 100 milyon manat dividend verməlidirlər müştərilərə. Əvvəlcə, söz-söhbət yayılır, sonra sosial şəbəkə də buna qoşulur. Kulminasiya nöqtəsi "tik-toker"lərin “vaxsey, devalvasiya olacaq” mesajlarıdır... Nəticədə, camaatın küyə gedən hissəsi tez ya depozitindəki manatla olan vəsaiti vaxtından əvvəl çıxarır, ya da manatdan dollara çevirir. Hər iki halda bank udur. Nəyi pisdir ki... Yanvarda Azərbaycan banklarının xalis mənfəəti 99,6 milyon manat təşkil edib".
İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, bütün rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var: “Mərkəzi Bank və hökumət isə bu gözləntilətri normal idarə edə bilmir. Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var - bu isə təlaşı artıran faktordur. Dünyada mərkəzi bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir - hələ ki bizdə bu sahə axsayır”.
Ekspertə görə, bu il ölkədə devalvasiyaya gedilməsi gözlənilən deyil: “Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə, zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur qalacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxartmır, 2015 devalvasiyalarından sonra bu yazıq manata balaca "hovuz" düzəldib yavaş-yavaş “üzməyi” öyrətməli idilər - etmədilər, sadəcə, inzibatı üsulla məzənnə siyasəti yürütdülər. İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük - 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya".
Bir məsələni də qeyd edək ki, yanvar-fevralda dollar alışının artmasında büdcə xərcləmələrinin qeyri-proporsional bölgüsü də rol oynayır: ilin son ayında büdcə xərcləmələrinin həcmi digər aylarla müqayisədə 2 dəfədən də çox olur. Bu da illərdir davam edən prosesdir: büdcənin gəlirlər hissəsində vəziyyət aydınlaşana qədər xərclərin bir çoxu icra olunmur. Dekabrın əvvəli üçün vəziyyət aydınlaşır və icrası ləngidilən bütün xərclər üzrə vəsaitlər müvafiq təşkilatlara köçürülür. Rəsmi statistikadan aydın olur ki, 2023-cü ilin yanvar-noyabrında dövlət büdcəsi xərclərinin həcmi 29 milyard 155,21 milyon manat təşkil etdiyi halda, ilin yekununda bu məbləğ 36 milyard 457,96 milyon manata yüksəlib. Bu o deməkdir ki, yalnız dekabr ayında büdcədən 7 milyard 302,75 milyon manat müəssisə və təşkilatlara paylanıb. Bu vəsaitin 1608,21 milyon manatı iqtisadi fəaliyyət, 1 milyard 754,72 milyon manatı isə əsas bölmələrə aid edilməyən xidmətlər xərc maddələrinin payına düşüb. Hansı ki, bu xərc maddələri bilavasitə tikinti-təmir, yenidənqurma layihələrini əhatə edir. Bir çox hallarda iri podratçılar ilin sonunadək işləri öz vəsaitləri hesabına reallaşdırır, dekabrda dövlət qurumlarından böyük məbləğdə vəsaitləri alırlar.
Hesablama Palatası bir çox hallarda dekabrda ödənilən vəsaitlərin qısamüddətli dövlət istiqrazlarına yatırılaraq gəlir əldə edildiyini bildirir. Lakin bu il, görünür, vəsaitlərin bir qismi valyuta alışına sərf olunub.
Dünya SAKİT,
“Yeni Müsavat”