"Dolana bilmirdim, fəhlə, kloun kimi də işləyirdim" - Rafael İsgəndərov

"Mədəniyyət və İncəsənət Universitetdə tələbə olarkən Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik. Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. “Şaxta baba” obrazına boyum çatmırdı. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, xətrlərinə dəyər. O vaxt bunlar olub, işləyib qazanmışam".

Bu sözləri Əməkdar artist Rafael İsgəndərov “AStar” yutub layihəsində qonaq olarkən deyib.

O, keçmişdə yaşadığı çətinliklərdən danışıb:

"1993-cü ildə Rusiyaya böyük axın var idi, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib işləyəcəyəm. Cibindən 2 min manat çıxardı və yarısını verdi mənə. Dedi ki, aclıqdan ölsək də, tox olsaq da, burada olacaqsan. Heç yerə getməyəcəksən. Allah atama rəhmət eləsin ki, o vaxt məni qoymadı getməyə.

Sonra getdim Gənclər teatrına qəbul oldum. 1 ildən sonra artıq baş rolda oynayırdım. Amma yenə də dolana bilmirdim. O vaxtkı pulnan 4900 manat verirdilər. Yol pulum isə 6 min manat idi. Qazancım heç yol puluma çatmırdı. Əlavə pulu kosa, keçəl kimi məclislərdən qazanırdım. 

Fəhlə, qaynaqçı, bulka bişirilən yerdə işləmişəm. Gecələr bulka bişirib, səhər isə 7-dən 10-na kimi yatmışam. Sonra isə yuxudan durub getmişəm tamaşanın məşqlərinə. Günorta qrim otağında uzanmışam, günorta isə bir dənə pirojki alıb yemişəm. Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Axşam 19:00-da tamaşa oynamışam. Oradan da çıxıb getmişəm bulka bişirməyə. Səhər yenə həmin şey. Həm gündəlik pul, həm də 10 ədəd bulka verirdilər. Bunların hamısını etmişəm. Birdən-birə gəlib Rafellə Coşqun olmamışıq". (Axşam.az)

21.03.2024 22:50
1488