30 illik Vətən həsrəti başa çatıb. Torpaqlarımız erməni işğalından azad edildikdən sonra bərpa-quruculuq işlərinə start verilib. İndi insanlar mərhələli şəkildə doğma el-obasına qayıdır.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, ata-baba yurduna dönmək arzusu ilə yaşayanlar sırasında kəlbəcərlilər də var. 31 il əvvəl Kəlbəcərdən məcburi köçkün düşən Məhərrəm Rzayev də onlardan biridir.
Bizi gülər-üz, səmimiyyətlə qarşılayır Məhərrəm dayı. Söhbət zamanı onları erməni vandallarından xilas edən məşhur “QAZ-69” avtomobilini hələ də qoruyub saxladığını öyrənirik. Avtomobilin dövlət nömrə nişanı diqqətimizi cəlb edir. 32 BH 102… Deyir ki, Kəlbəcərə elə onunla da qayıdacaq. O günü səbirsizliklə gözləyir. Ona görə də hər gün avtomobili sazlayır, tozunu təmizləyir.
Bu avtomobil Məhərrəm dayıya ata yadigarıdır. 1953-cü il istehsalı olan avtomobil ailənin xilaskarıdır desək, yanılmarıq. Ona görə avtomobil göz bəbəyi kimi qorunur.
“Qarlı, boranlı, çovğunlu günlər idi. Daha erməni vandallarının zülmlərinə tab gətirə bilmirdik. Beləcə 14 nəfər bu maşınla yola çıxdıq. Onların da 5-i körpə uşaq idi. Ağla gəlməyən yollarla üç gün yol qət eləyib, nəhayət Ağdama çatdıq. Bir sözlə, bizi bu maşın xilas elədi. Bu maşın bizi erməni caynağından qurtardı. Elə o vaxtdan mən bu maşını həm ata yadigarı kimi, həm də ailə üzvümüzün biri kimi əzizləyirəm, qoruyuram, saxlayıram” – deyir Məhərrəm dayı.
Ötən ildən başlayaraq Məhərrəm Rzayev “QAZ-69” üçün qoşqu vasitəsi - karavan da hazırlayıb, Baş Polis İdarəsindən rəsmi sənəd belə alıb. Bu layihə də onun özünə məxsusdur. Məramı ilə maraqlandıqda bildirdi ki, o, arıçılıqla da məşğuldur və ötən ili Kəlbəcərdə keçirib. Geri dönən kimi karavan düzəltmək üçün qollarını çırmayıb. Bir ildən çox vaxt sərf edərək, əla bir iş ərsəyə gətirib. Yaxın aylarda ailəsi ilə yola çıxacaq.
Həyətdə “QAZ-69”-la yanaşı, Məhərrəm dayının nəvəsinin minik maşınını görəndə və balaca Mübarizin bacısı Nurayla öz maşınını silib-təmizləməsini müşahidə edəndə maraq bizə üstün gəldi. Yeri gəlmişkən, Məhərrəm Rzayev nəvəsinə Milli Qəhrəman Mübariz İbrahimovun adını verib.
Balaca Mübariz bildirir ki, o da hər gün babası ilə həyətə düşür və maşınını təmizləyir. Babası ilə birgə Kəlbəcərə gedəcəyi günü gözləyir. Ailənin digər nəvəsi Nuray baba və nənəsindən Kəlbəcər haqqında məlumatlar toplayıb. O da ata-baba yurdunu görmək istəyir. Nurayı dinlədikcə əmin olursan ki, o, azyaşlı olmasına baxmayaraq, həqiqətən görmədiyi doğma yurda həvəslə qayıtmaq arzusundadır.
Babaları kimi gələcəyimiz olan bu balacaların da ata yurduna bağlılığını görəndə insan qəlbən sevinir, qürur duyur. Sevinirsən ki, insanlar hansı yaşda olmasına baxmayaraq yurduna, torpağına bağlıdır, qurub-yaratmaq eşqi ilə yaşayır.
Məhərrəm dayı və nəvələri ilə sağollaşırıq. Kəlbəcərdə görüşmək ümidi ilə...
@@TVmusavat/81360@@