“Doğma torpaq” filminin premyerası oldu  

Aprelin 18-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasının maliyyə dəstəyi ilə lentə alınmış “Doğma torpaq” tammetrajlı bədii filminin premyerası keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, kinosevərlər iştirak ediblər.

Nümayişdən öncə məlumat verilib ki, “Narimanfilm”də istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir. Filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi – indiki Ermənistan ərazisində, yeni tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi əksini tapıb.

Qeyd olunub ki, filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi tarixi-siyasi çətinliklərdən keçən və məsuliyyətli bir dövrdə, 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır.
Jurnalist Miranda Qafqaz bəbirə haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emilla qarşılaşdırır. Onlar birlikdə çətin sınaqlardan keçirlər. Bu sınaqlar zamanı Miranda Qafqaz bəbir və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir…

Sonra “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş etdirilib. Tariximizin mürəkkəb, eyni zamanda qürurlu səhifələrinə işıq salan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“Doğma torpaq” filmi aprelin 24-dən kinoteatrlarda nümayiş etdiriləcək.

Könül,
Musavat.com

19.04.2025 14:05
179