Dnepr və Kurskda DƏHŞƏT yaşanır: qitələrarası ballistik RAKETLƏR və “Storm Shadow”lar işə düşdü

Kreml Kursk vilayətindəki hədəflərə qarşı “Storm Shadow” raketlərindən istifadə olunmasını yeni eskalasiya adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bloomberg“ agentliyinin Kursk vilayətində hədəflərə qarşı “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı xəbərini belə şərh edib. Onun sözlərinə görə, yeni eskalasiya baş verir.

“Bu, ABŞ-də hakimiyyətdən gedən administrasiyanın tutduğu çox məsuliyyətsiz mövqedir", - Peskov Rusiya ərazisindəki hədəflərdə ATACMS raketlərinin istifadəsi haqqında təsdiqlənmiş məlumatları nəzərə alaraq Kremlin hadisələrin bu cür inkişafını necə qiymətləndirdiyi ilə bağlı sualını cavablandırarkən deyib. Kremlin sözçüsü "Rusiyanın Britaniyanın “Storm Shadow” raketlərinin ona qarşı istifadə edildiyi barədə sübutu varmı?” sualına cavab verməyib.

Noyabrın 21-də səhər saatlarında Rusiya nüvə başlığı daşıya bilən “Rubej” qitələrarası ballistik raketi ilə ilk dəfə Dnepr şəhərinə zərbə endirib. Ukraynanın nüfuzlu “Ukrainskaya Pravda” nəşri Ukrayna Hərbi Hava Qüvvələrindəki mənbələrinə istinadla məlumat yayıb. Xəbərdə deyilir ki, 21 noyabr 2024-cü il səhər saat 05.00-dan 07.00-a qədər rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə (müəssisələr və mühüm infrastruktur obyektlərinə) hücum edib.

O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən bir qitələrarası ballistik raket, MiQ-31K qırıcısından “Kinjal” aeroballistik raketi və “Tu-95”-dən 7 ədəd “X-101” qanadlı raketi buraxılıb. Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri altı ədəd “X-101” raketini məhv edib. Digər raketlər vurulmayıb. Mənbələr iddia edirlər ki, qitələrarası ballistik raket məhz “Rubej” olub. “Defence Express”in məlumatına görə, “RS-26 Rubej” nüvə başlıqlarının çatdırılması üçün nəzərdə tutulub.

Dnepr meri Boris Filatov bildirib ki, atəş nəticəsində əlillər üçün reabilitasiya mərkəzinin binası zədələnib, oradakı qazanxana dağıdılıb. İnsan itkilərilə bağlı məlumat isə dəqiqləşdirilir. Rusiya Müdafiə Nazirliyi Dneprə raket hücumu ilə bağlı məlumatı şərh etməyib.

Yeni il bayramlarında Krımda kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Krım "rəhbəri" Sergey Aksyonov deyib. “Təbii ki, bizim əsas prioritetimiz krımlıların təhlükəsizliyidir. Ancaq xüsusi hərbi əməliyyat iştirakçılarını bu şəkildə dəstəkləməyin də vacib olduğunu düşünürəm. Mənəvi nöqteyi-nəzərdən müdafiəçilərimiz cəbhədə döyüşərkən televiziyada hansı əyləncə proqramlarından, verilişlərdən danışmaq olar?” - Aksyonov bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını milli siyasət üzrə ekspert Sülhəddin Əkbər cavablandırır.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

 

21.11.2024 15:45
675