Gəncə Apellyasiya Məhkəməsində 2021-ci ilin 8 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirən 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, 2021-ci il oktyabrın 8-də saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla qeyd edilən mərkəzin baş mühasibi vəzifəsində çalışan, 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb. İttiham aktında qeyd edilib ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Ziyad Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirtağı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib.
Xatırladaq ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.