Ali Məhkəmə Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktorunun katibəsi Validə Məmmədova barəsindəki qərarı ləğv edib.
Bu barədə Musavat.com-a açıqlamasında Validə Məmmədova bildirib. O deyib ki, Ali Məhkəmədə barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Yada salaq ki, Validə Məmmədova bir neçə ay öncə məktəbdə haqsızlığa uğraması ilə bağlı Musavat.com-a müraciət edərək, məsələnin işıqlandırılmasını xahiş etmişdi.
Qeyd edək ki, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktor Ülviyyə Bayramovanın etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.
Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib. Ü.Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə V.Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib. Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi V.Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. V.Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib.
Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.
Direktor Ü.Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib. V.Məmmədova isə özünü təqsirli bilmir.
Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib.
Afaq Mirayiq,
Musavat.com