Direktor sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat edib? - AÇIQLAMA

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən vəfat etməsi barədə iddia yayılıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin müəllimi sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məlumat həqiqətə uyğun deyil: "Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib. Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem var idi. Bu səbəbdən ürəktutmadan vəfat edib.

Qeyd edək ki, sertifikasiya imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u dünyasını dəyişib.

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur".

***

Lənkəran rayonu Kərgəlan kənd tam orta məktəbinin direktoru Heybət Xaliq oğlu İsmayılovun vəfatı ilə bağlı sensasion iddia yayılıb.

Musavat.com bildirir ki, sosial şəbəkələrdə yayılan iddiya görə, Heybət İsmayılov rəhbəri olduğu təhsil müəssisəsinin 18 müəlliminin imtahandan keçməməsinə görə infarkt keçirərək, həyatını itirib.

Qeyd edək ki, H.İsmayılov 10 iyun gecə saatlarında dünyasını dəyişib.

13.06.2024 14:45
833