Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.