Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.

Musavat.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.

A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əməkhaqqı tələbini irəli sürüb. Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.

Həkim A.Mehdiyev sayta açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub: “Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib”.

Həkimin əsassız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.

Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, tibb elmləri namizədi alimlik dərəcəsini alan A.Mehdiyev Almaniyada və Türkiyədə təkmilləşmə kursu keçib. 

07.05.2024 10:48
1603