Hazırda paytaxt Bakının mənzil bazarında qiymət artımı özünü göstərsə də, satışlarda durğunluq müşahidə olunur. Alqı-satqı ilə məşğul olan realtorlar bunun müxtəlif səbəblərinin olduğunu deyirlər. Digər tərəfdən paytaxtın bir sıra əraziləri arasında qiymətlər arasında ciddi fərq özünü göstərir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hazırda ən bahalı mənzillər Səbail, Nərimanov və Nəsimi rayonlarında təklif olunur:
“Bu istiqamətdə liderlik illərdir ki dəyişmir. Paytaxtın ən bahalı mənzilləri “Port Baku” ərazisində yerləşən binalarda təklif olunur. Bunların ortalama qiyməti bazara 1 kvadratmetrinə görə 7-10 min manat arası təklif edilir. Son dövrlər, əvvəlki illərə nisbətən həmin mənzillərin qiyməti 20-25 faiz artıb. Eyni zamanda biz digər mərkəzə yaxın ərazilərə baxsaq, mənzillərin 4-5 min civarında satışa çıxarıldığını görə bilərik. Hal-hazırda bu istiqamətdə ən aktiv rayonlar Səbail, Nərimanov və Nəsimi rayonlarıdır. Bu rayonlarda mənzillərin qiyməti digər rayonlardan fərqlənir”.
Vüqar Oruc ən çox mənzil satışının isə Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonlarda olduğunu qeyd edib:
“Bundan başqa, ortalama qiymətlərə nəzər yetirsək, burada MTK-ların da ciddi rolu var. Bəzən iki yanaşı binada mənzillərin qiyməti arasında müəyyən fərqlər olur. Belə hallarda qiymət fərqinin meydana çıxması binanın prestiji və görünüşü ilə bağlıdır. Amma hazırda demək olar ki, ötən illə nisbətdə, daşınmaz əmlak bazarında bahalı evlər 15-20 faiz artıma məruz qalıb. Ucuz evlər isə 10-12 faiz civarında bahalaşıb. Bu onu göstərir ki, alıcılar şəhər kənarında üz tutduqca, həmin mənzillərin də qiyməti qalxır. Hazırda ən çox mənzillər Yasamal, Nərimanov, Nəsimi və Xətai kimi rayonlarında alınır”.