Diqqət məhkəməyə: Paşinyan sülh istəyirsə, o qatilləri Bakıya təhvil verməlidir!

Başkəndimiz Bakı tarix boyunca çox mühüm tədbirlərə, mərasimlərə şahid olub, həmçinin  evsahibliyi edib. Elə müstəqillik illərində bununla bağlı geniş bir siyahı hazırlamaq olar. Amma hələ beləsi olmamışdı, bu, Azərbaycan xalqının taleyində və dövlətçilik tariximizdə bir tarixi ilkdir  - 21-ci əsrin “Nürnberq prosesi” – Bakı Hərbi Məhkəməsində qurulan Ədalət Məhkəməsindən bəhs edirəm.

Bu tarixi bizim üçün yazanlara ömür boyu minnətdar olmalıyıq.

Tarix boyunca saysız-hesabsız müharibələr olub, ancaq bütün savaşların sonu ədalətin bərqərar edilməsi ilə bitməyib. Bütün müharibələrin, antiterror əməliyyatlarının sonunda Azərbaycanın nail olduğu tarixi uğurlar əldə edilməyib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uğurlu sərkərdəliyi sayəsində dövlətimiz nəinki döyüş meydanında ədaləti təmin etdi, həmçinin Ədalət Məhkəməsi qurub, ikili standartlı dünya birliyinin bir qərinə boyunca görməzdən gəldiyi cinayətlərə hüquqi qiymətini verməkdədir.

İLHAM ESGER.jpg (246 KB)

Bakı şəhərində həm də Haaqa Tribunalının missiyası icra olunur. Bu mənada gündəmi məşğul edən digər məsələlər heç bir halda nəzər-diqqətimizi ƏSRİN MƏHKƏMƏSİNDƏN yayındırmamalıdır! Erməni separatçıları, hərbi cinayətlər törətmiş məlum şəxslər üzərində qurulan məhkəmənin hər bir epizodu çağdaş tariximizin müküm farqmentidir və Azərbaycanın haqq davasında daim istinad olunmalıdır.

Xüsusilə də Xocalı soyqırımı ilə bağlı məhkəmə istintaqı, həmçinin zərərçəkənlərin dəhşətli ifadələri, təqsirləndirilən şəxslərin etirafları, bəzən hiyləgərcəsinə həqiqətləri dilə gətirməkdən yayınmaları, “timsahın göz yaşları”nı axıtmaları və s. məqamlar sıradan məsələlər deyil. Bunu Azərbaycan ordusu və dövləti bacardı, indi də məhkəmə sistemi tarix dərsliyinin növbəti bölümlərini yazmaqdadır!

Ömrümüzdən ən azı 37 il oğurlayıblar, 1988-ci ildən sonrakı dəhşətlərlə dolu illəri nəzərə alsaq. Xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədiblər. Bu mənada hesab edirəm ki, əslində bu məhkəmə prosesində zərərçəkmişlərin sayı 550, yaxud 600, 700 min olmamalıdır. Erməni cəlladları təkcə Qarabağda, Şərqi Zəngəzurda yaşayan azərbaycanlı, yaxud digər millətlərə qarşı cinayətlər törətməyiblər ki...Cinayətlər bütövlükdə 50 milyonluq xalqımıza, 10 milyonluq Azərbaycana qarşı törədilib, HAMIMIZA ZƏRƏRÇƏKƏNİK! Şəxsən mənim dünən şəhadətindən sonra 5-ci doğum gününü qeyd etdiyimiz bacım oğlu kimi, minlərlə igid qardaşımızın da qanına batıb erməni canilərin bu gün guya xəcalətdən üzlərini örtən əlləri! Odur ki, Qarabağda yaşamasam belə, mən də özümü zərərçəkmiş sayıram. Erməni qatillər bizim yuxularımızı qaçırdılar bir qərinə boyunca, bütün millətə sitəm elədilər. Cinayətlərin miqyası o qədər genişdir ki...Odur ki, məhkəmə prosesinin illərlə davam etməsi, hər bir cinayət faktının dəqiqliyinədək araşdırılıb, həm ölkə, həm də beynəlxalq miqyasda tirajlanmasına zərurət var sözsüz ki...

BABAK.jpg (112 KB)

Ədalət Məhkəməsinin hakimlərinə, dövlət ittihamçılarına etimadımız böyükdür. Hər bir cinayət faktı üzrə dəlil-sübutların təqdim olunması, həmçinin Bağanis Ayrım, Cəmilli, Malınbəyli, Quşçular, Qaradağlı, Xocalı, Ağdaban, Başlıbel və digər yerlərdəki dəhşətli soyqırım faktları ilə bağlı videofaktların elə məhkəmə prosesi zamanı təqdim olunması olduqca vacib idi ki, bu da ardıcıllıqla həyata keçirilir. Separatçıların Bağanis Ayrımda yandırılan 39 günlük körpənin cəsədinə, Xocalıda qətlə yetirilən körpələrin, qadınların, qocaların müsibətinə guya baxa bilməmələri barədə artistliyi də yenilik deyil. Etiraflar davam edir və bu, ifadələr Azərbaycana qarşı cinayət törədənlərin adlarının ortaya çıxmasına təkan verir.  Elə təqsirləndirilən Madat Babayan böyük bir siyahı açıqlayıb, rəsmi İrəvan o qatillərin məhkəməyə göndərilməsini təmin etməlidir!

Ermənistanın müdafiə naziri və prezidenti olmuş Serj Sərkisyanın britaniyalı jurnalist Tomas De Vala verdiyi müsahibədəki etirafın məhkəmə prosesində də təqdim olunması çox mühüm xüsusatdır. Həmin müsahibədə Sərkisyan demişdi ki, Xocalıyadək azərbaycanlılar elə bilirdilər bizimlə zarafat etmək olar. Dövlət ittihamçısı Tuqay Rəhimlinin məhkəmədə söylədiyi kimi, Sərkisyanın etirafı Xocalı soyqırımının Ermənistan tərəfindən məqsədyönlü, sistemli şəkildə törədildiyini təsdiqləyir. Deməli, Bakıdakı “Nürnberq prosesi” sonuncu olmayacaq, davamı keçirilməlidir: ikinci prosesdə Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Vitaliy Balasanyan və adları istintaqa məlum olan və açıqlanmaqda davam edənlər də müttəhimlər kürsüsündə dayanmalıdır.

SARKİ.jpg (69 KB)

Nikol Paşinyan Azərbaycanla doğrudan da sülh imzalamaq istəyirsə, həmin şəxsləri Bakıya təhvil verməlidir! Bu mənada sülh müqaviləsi layihəsinin yeni şərti ortaya çıxır, bunu Ədalət Məhkəməsi zəruri edir. Cinayət cəzasız qala bilməz! Üstəlik, erməniləri real Ermənistan qurmağa dəvət edən və seçkiqabağı bölgələrdə, elə Qazax rayonu ilə həmsərhəd zonada bununla bağlı təbliğata başlayan Paşinyan konstitusiya dəyişikliklərinə getməklə yanaşı, Xocalı canilərinin və digər qatillərin də ədalət mühakiməsinə verilməsini təmin etməlidir! Həmçinin soyqırımın törədildiyi Bağanis Ayrım daxil, 4 kəndimizin qeyd-şərtsiz geri qaytarılmasını təmin etməlidir!

Xocalı rayon icra hakimiyyətinin keçmiş başçısı, deputat Elman Məmmədov da sonuncu prosesdə ifadə verib, erməni canilərinin törətdiyi dəhşətlərdən danışıb.

ELMANİ .png (873 KB)

Şəxsən mən bilirəm Elman müəllim bu prosesi necə səbrsizliklə gözləyirdi. Ötən illər ərzində Xocalı soyqırımı, Qarabağın işğalı ilə bağlı o qədər söhbətlərimiz, müsahibələrimiz olub ki...Onlarla qohumu soyqırıma məruz qalanlar arasındadır. Və ədalət bərpa olunub, bu gün erməni separatçılarının, cinayətlərdə təqsirkar olanların bir qisminin gözlərinin içinə baxıb, onların törətdiyi cinayətləri sadalayır və ədalətli cəza istəyir.

Bu arada, beynəlxalq təşkilatlardan, yaxud ermənipərəst paytaxtlardan tez-tez Azərbaycana xitabən “bütün məhbuslar, o cümlədən erməni əsirlərin azad olunmalıdır”, kimi gicbəsər tələbin ünvanlanması da əbləhlikdir! Onları erməni separatçılarının etiraflarının səsləndiyi məhkəmə prosesinə dəvət etmək lazımdır. Gəlsinlər, kar qulaqları cinayətlər haqda etirafları eşitsinlər, körpələri, qadınları qətlə yetirənlərin dediklərini dinləsinlər, kor gözləri ilə yayımlanan dəhşətli kadrları görsünlər, sonra 33 il lal olanlar danışsınlar, görək yenə  də erməni caniləri müdafiə üçün dilləri varmı?!

19.04.2025 18:39
2069