"Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazıradək axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib ümumilikdə 86 123 əməliyyat tapşırığı yerinə yetirilib".
Musavat.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general- leytenant Elşən Verdiyev media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib. O bildirib ki, 2296 halda saxta və 178 halda özgəsinə məxsus sənədlərlə keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.
"Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Müxtəlif səbəblərdən arzuolunmaz şəxs qismində 2106 əcnəbi ölkə ərazisinə buraxılmayıb.
Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kq 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb".
Şahanə Rəhimli
Musavat.com