Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı paytaxt yollarında xüsusi zolaqalar çəkilib. Bu zolaqlar xüsusi icazəli nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Həmin zolaqlar digər avtomobillərin buraxılması da mümkündürmü? Mümkündürsə hansı hallarda və hansı avtomobillər bu zolağa daxil ola bilər?
Mövzu ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Ərşad Hüseynov Referans.az-a açıqlamasında bildirib ki, bundan əvvəl də Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar oxşar vəziyyət yaranmışdı. Təbii ki, COP29 miqyasca daha böyük və daha nüfuzlu tədbir olduğu üçün şəhərdəki xüsusi zolaqlara və onlardan istifadə qaydalarına xüsusilə diqqət ayrılır. Konkret olaraq hansı avtomobillərin günün hansı saatlarına həmin zolaqlardan istifadəsi haqqında COP29-la bağlı məsul olan müvafiq qurum tərəfindən də məlumatlar mütəmadi olaraq onların saytları üzərindən qeyd olunur.
Ərşad Hüseynov həmçinin bildirib ki, bir müddət əvvəl bu tədbirlər bağlı Bakının müxtəlif yerlərində xüsusi yol zolaqları salınıb. Bu xüsusi zolaqların salınmasında əsas məqsəd isə noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək qonaqları daşıyan xüsusi icazəli nəqliyyat vasitələri ilə bağlıdır. Həmin tədbir iştirakçılarının rahat və təhlükəsiz daşınması üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq. Bununla belə paralel olaraq həmin nəqliyyat vasitələri yalnız qonaqların daşınmasını təmin edəcəkdir.
Ekspert onu da vurğulayıb ki, COP29 zolağı həmçinin ictimai nəqliyyatın da istifadəsi üçün açıq olacaqdır. Lakin şəxsi avtomobillərin və ümumiyyətlə ictimai nəqliyyatdan savayı avtomobillərin bu zolaqlara daxil olması isə qadağan olunacaq. Eyni zamanda da həmin zolaqlara icazəsiz daxil olan bütün nəqliyyat vasitələri müəyyən olunaraq cərimələnəcəklər.
Mütəxəssis açıqlaması zamanı onu da bildirib ki, hələlik COP29 tədbirinə qədər xüsusi zolaqlara nəqliyyat vasitələrinin daxil olub olmaması ilə bağlı hər hansısa bir rəsmi qadağa yoxdur. Bu zolaqların istifadəsi ilə bağlı indiki halda hansısa məhdudiyyətin olduğuna dair məlumata da rast gəlmirik.
"Bir daha qeyd etmək istəyirəm ki, ictimai nəqliyyatın və şəxsi avtomobillərin hərəkəti Bakıda daha əvvəllər keçirilən beynəlxalq tədbirlərdəki təcrübəyə əsasən təşkil olunur",- deyə ekspert əlavə edib.