Din xadimlərimizin vahid forması olsunmu? - iki rəy

Din xadimlərinin geyimi müzakirə mövzusu olub. Bəziləri məscid imamlarının standart dini geyimləri olmalıdır deyə açıqlama veriblər. Bəzi ekspertlər isə iddia edir ki, məscidlərdə bir çoxu İran mollası qiyafəsində minbərə çıxır, hətta minbəri qara parçaya bürüyüb xurafat danışanlar da tənqid olunur.

Sirr deyil ki, ölkə məscidlərində, xüsusən də əyalətlərdə belə faktlara tez-tez rast gəlinir. Hansısa imam dindən daha çox, incə şəkildə İran fars rejiminin təbliği ilə məşğul olur. Bu zaman onun qiyafəsi də özlüyündə hansı “məzhəbə” qulluq etdiyini bariz şəkildə göstərir.

Ancaq məsələn, Azərbaycan din xadimləri üçün vahid, yaxud standart geyim forması olarsa, böyük ehtimalla, iranpərəstlər ondan imtina edəcəklər. Yəni bu, həm də bir “lakmus kağızı”, test rolu oynaya bilər.

Görəsən, Türkiyədəki kimi bizdə də məscid imamları üçün vahid geyim forması mümkünmü? Yeri gəlmişkən, əksər məscidlərdə sünni və şiə məzhəbindən olan dindarların fərqli geyindiyi qeyd edilir.

Mövzu ilə bağlı dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu “Yeni Müsavat”a dedi ki, bizdə artıq 10 ilə yaxındır mollaların geyim forması var və bu, məscidlərdə istifadə olunur: “Ümumiyyətlə, bu geyim forması anlayışı kimin ağlına gəlibsə, sovet düşüncəsi məhsuludur. Onsuz da bütün məscid imamları ibadət zamanı müəyyən dini geyimlərdən istifadə edir. Ən azı örtük atır çiyninə. Yəni bu bir formada ənənədir. Amma İslamın özünə gəlincə, İslamda nəinki ruhani üçün geyim forması, heç ruhani və ya din xadimi deyə bir zümrə yoxdur. Din biliciləri, din alimləri və ya tələbələri var ki, onlar ibadət və zəruri əməlləri bilənlərdir, onlar o əməlləri icra edirlər.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “İslam hüququnda geyimlər üçün müəyyən normalar var, bunlar...”

Müsəlman ölkələrində geyinilən ruhani libasları isə belə demək olarsa, ənənədir, ilkin islam dövründə olduğu kimi geyinirlər. Amma dediyim kimi, bu bir əmr və ya vacib göstəriş deyil. İslam hüququnda geyimlər üçün müəyyən normalar mövcuddur. Bunların bəziləri vacib normalardır, bəziləri isə müstəhəb, yəni bəyənilən və ya belə demək olarsa, ənənəvidir. Amma konkret geyim forması yoxdur. Dediyim kimi, bu daha çox ənənədir. Amma indi bir çox ölkələrdə tətbiq olunur, məktəblilər, dövlət məmurları və sair ixtisas geyimləri olduğu kimi, din xadimləri üçün də geyim forması düşünüblər. Və bizdə artıq uzun müddətdir ki, tətbiq olunur. Türkiyə təcrübəsinə gəlincə, bu ifadə səhvdir. Məscid imamları üçün vahid geyim forması yoxdur. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, ibadət zamanı örtük və baş geyimi var ki, bu da ənənəvi formadır".

Faiz alıb-vermək Rəbbə qarşı müharibədir' - Ağa Hacıbəyli

Ağa Hacıbəyli: “Necə ki həkim, müəllim geyimindən seçilir, imam da...”

İlahiyyatçı Ağa Hacıbəyli də mövzu ilə “Yeni Müsavat”a fikirlərini açıqladı. “İslam tarixi boyunca sevgili peyğəmbərimizin (s) zəmanəsinə gedib çıxsaq, əsrlərdən-əsrlərə, nəsillərin fərqli geyimlərlə, qiyafələrlə ortaya çıxdığının şahidi ola bilirik” deyən ekspert bildirdi ki, islamda standart bir geyim forması olmadığı üçün müxtəlif dövrlərdə, müxtəlif rənglərə əhəmiyyət verilib: “Bəzən sevgili peyğəmbərimizin (s) seçdiyi ağ rəng üzərində duran insanlar olub. Ağ rəngə əhəmiyyət verilib, hətta kəfən olaraq başlarında daşıyıblar. Əmmamə dediyimiz geyim formasının üzərində, məna olaraq ölüm qucağında, başında əmmaməsi daşınıb. Bu, insanın ölümlə iç-içə olduğunu göstərir.

Qiyafəyə gəlincə, Qurani-Kərimin bununla bağlı “Əraf” surəsində bir ayə də var. Geyindiyiniz zaman təmiz geyinin, ən gözəl libasınızı geyinin. Yəni toplumun, cəmiyyətin içinə çıxdınız zaman bir müsəlman kimliyiniz libasınızın təmizliyində görünməlidir. İslam dininə görə, geyim dar olmamalı, istər kişi, istərsə də qadın olsun, əzaları örtəcək şəkildə olmalıdır. Bütün bunları nəzərə alaraq, biz imamların geyimindən danışrıqsa, özəlliklə 21-ci əsrdə, həm də müstəqil ölkə olan Azərbaycandakı qiyafədən danışırıqsa, necə həkimlərin, müəllimlərin  müstəqil geyimləri var, imamların da belə geyimi olsa, yaxşı olardı. Cəmiyyətdə həkimin qiyafəsi bəlli olur. Bir müəllimin, tələbənin geyimi bəlli olur. Bir yanğınsöndürənin xüsusi geyimi var, dünyanın harasında olsa belə fərqliliyi bilinir. Eynilə də minbər başına çıxıb könüllərə xitab edən bir insanları oyandıran, üfüqlərini açan, onları məna dünyasına yönəldən bir şəxs-imam da mənəvi cəhətdən dolu və insanlara yol göstərən bir şəxs olmalıdır. Təbii ki, onun qiyafəsi də bir mesaj verir. Əgər o imam bu xalqa, bu millətə xidmət edəcəksə, onun geyimi də bizim milli atributlarımıza, milli şüurumuza uyğun bir geyim olmalıdır.

Bu sahədə biz kimisə təqlid etmədən münasib bir geyimi seçə bilərik. Burada konkret bir geyim forması yoxdur. Ancaq ola bilsin ki, hansısa bir rəngdə ola bilər. Azərbaycan imamlarının da gözəl bir qiyafəsi olsa, səcdəsinə mane olmasa, Quranın söylədiyi kimi, təqva libası olaraq üst-üstə düşsün. Həm daxili zənginliyi, həm də fiziki olaraq gözəlliyi üst-üstə düşərsə, niyə də bu, Azərbaycanımızın xalqa xidmət edən imamının qiyafəsi olmasın".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

17.06.2023 08:26
4395