DİN hərəkətə keçdi, şübhəli telefon zənglərinə qarşı ehtiyatlı olun!

Xəbər verdiyimiz kimi, Azərbaycanda təhlükəli dələduzluq növü aşkar edilib. Süni intellekt vasitəsilə klonlaşdırılan səsdən istifadən edən dələduzlar yaşlı insanları aldadaraq onlardan pul alırlar.

Musavat.com xəbər verir ki, məsələ ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyi (DİN) hərəkətə keçib.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenant Elşad Hacıyev vətəndaşlara sosial media vasitəsilə müraciət edərək diqqətli olmağı tövsiyə edib:

"Ata, ana, nənə və baba üçün övladdan və nəvədən doğma heçnə yoxdur. Bunu bilən kibercinayətkarlar xaricdə yaşayan şəxslərin Azərbaycanda olan ailə üzvlərinin ev telefonlarını tapıb zəng etməklə, onları aldadaraq pullarını talayırlar. Həssas, dramatik, faciəvi məqamlara toxunmaqla — övladınız, yaxud nəvəniz tutulub, ağır qəza keçirib, ölüm ayağındadır, reanimasiyadadır, - deyə yalan xəbər verib təcili pul tələb edirlər. Həmin pul vəsaiti kuryer vasitəsilə ələ keçirilərək xarici bank hesablarına köçürülür.

Hər bir vətəndaş diqqətli olmalı, ahıl yaşlı ailə üzvlərini bu barədə məlumatlandırmalı, şübhəli telefon zənglərinə qarşı ehtiyatlı davranmalıdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

26.08.2024 17:51
3187