DİN-dən XƏBƏRDARLIQ: Bunu edənlər 8 min manat CƏRİMƏLƏNƏCƏK

Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlarla birgə respublikanın ayrı-ayrı şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq nəzarət-profilaktik tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci, yəni sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə, həmçinin İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına əməl etməyən şəxslər barəsində əlli manat məbləğində cərimə edilməsi diqqət mərkəzində saxlanılır:

"Vətəndaşlarımızı təmizsaxla şüarı ilə keçirilən bu tədbirlər zamanı əraziləri çirkləndirməməyi, məişət tullantılarını tutumlardan kənar yerə atmamağı və sanitar-gigiyena qaydalarına əməl etməyə çağırırıq".

10.09.2024 09:36
4143