DİN: Bu görüntülər Azərbaycana aid deyil - FOTO

Sosial şəbəkələrdə, xüsusən də "WhatsApp" qruplarında guya Daxili İşlər Nazirliyinin vətəndaşlara xəbərdarlıq etməsi ilə bağlı məlumatlar yayılıb.

"Xəbərdarlıq"da özlərini daxili işlər orqanlarının əməkdaşları kimi təqdim edən, yaxşı geyimli bir qrup insanın qapı-qapı gəzərək, guya əhalini siyahıya aldıqlarını dedikləri, əllərində müvafiq siyahı, Daxili İşlər Nazirliyinin simvolları olan sənədlər və blanklar olduğu, ancaq bu adla evlərdən oğurluq etdikləri kimi iddialar yer alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur.

"DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Qeyd olunan müraciət və müraciətdə görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, Azərbaycanla əlaqəsi yoxdur. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb", - deyə E.Hacıyev vurğulayıb.

29.05.2024 12:21
1520