Dilşad Musa: “Qadın özü xoşbəxt olarsa, iş yeri, ətrafı, ailəsi, dostları xoşbəxt olar”

Son illərdə Azərbaycanda korporativ şirkətlərdə, eləcə də digər sahibkarlıq müəssisələrində qadınlar olduqca fəallıq göstərir. Müxtəlif sahələrdə qadınlara rast gəlmək olur.

Bəs ölkəmizdə hazırda qadınlar üçün hansı iş perspektivləri var? Bu yöndə görülən işlər kifayət qədərdirmi? Qadınlarımız daha çox hansı sahələrdə iş perspektivlərinə malikdir?

Musavat.com Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyinin “Qadınların sahibkarlıq sahəsində iştirakının artırılması” layihəsi çərçivəsində “Qadın və iş perspektivləri” mövzusunda Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru, həmçinin
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının PR və Media komitəsinin sədri Dilşad Musa ilə müsahibə hazırlayıb.

Həmin müsahibəni təqdim edirik:

- Müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes strukturlarının 25 faizdən çoxunu qadınlar yaradıb. Bəs sizcə, Azərbaycanda vəziyyət necədir? Qadınlarımız kifayət qədər sahibkarlıq obyektlərində təmsil oluna bilirmi?

- Bəli, bu, doğrudur. Artıq müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Əgər dünyada yeni biznes strukturlarının 25 faizi qadınların payına düşürsə, Azərbaycanda bu rəqəm 23,7 faizdir. Bu isə o deməkdir ki, 300 min nəfər qadın fərdi sahibkarlıqla məşğuldur. Bu gün çox sevindirici haldır ki, qadınlarımız kifayət qədər sahibkarlıq obyektlərində təmsil oluna bilirlər.

Ötən illərlə müqayisədə hər il Azərbaycanda qadın sahibkarlığının fəaliyyəti daha da artır. Bunun da əsas səbəbləri dövlət tərəfindən qadın sahibkarlığının artması istiqamətində göstərilən dəstək və təşəbbüslərdir. Statistik məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-2024-cü ilin birinci rübü ərzində qadın sahibkarlığının inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verilib və 1000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

- Necə düşünürsünüz, daha çox hansı sahədə qadınlar üçün iş perspektivləri var?

- Əvvəllər xüsusi istiqamətlər var idi ki, qadınlar məhz yalnız orada fəaliyyət göstərirdilər. Lakin son illərdə bu istiqamətlər fərqli aspektlərdədir, yəni qadınlarımız cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Məsələn, artıq bir neçə ildir ki, tikinti işlərində də qadınlarımız var. Şəxsən mən bir xanım tanıyıram ki, o, söküntü işləri ilə məşğuldur. Yəni köhnə binaları, obyektləri söküb və yaxud tikmək sahəsində sahibkar qadındır.

Bu gün Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar. Həmçinin qadınlarımızın ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artıb. Bu baxımdan demək olmaz ki, sırf bu sahədə qadınlarımızın iş perspektivləri çoxdur.

İndi qadınlarımız cəsarətli, daha fəal və güclüdürlər. Bu barədə ölkəmizə qonaq gələn əcnəbilər də qeyd edir ki, Azərbaycan qadınları çox fəaldır, kişilərdən daha yaradıcı, məsuliyyətlidir və yeni nələrisə ixtira etmək istəyirlər.

Son illərdə hətta İKT sahəsində qadınlarımız inkişaf ediblər. Əgər bundan əvvəlki illərdə İKT sahəsində demək olar ki, yalnız kişilər çalışırdısa, son illərdə qadınlarımız bu istiqamətə də böyük maraq göstərir və inkişaf ediblər.

Ən sevindirici hal budur ki, qadınlarımız layihələrdə bir-birinə dəstək, yardımçı olurlar. Bu, məsələnin ən gözəl tərəfidir. Birgəlik böyük, uğurlu nəticələrə gətirib çıxarır.

- Dünyanın əksər ölkələrində qadın nazirlər var. Azərbaycan üçün isə bunu deyə bilmərik. Hətta icra başçısı olan qadın da yoxdur. Niyə, səbəb nədir? Qadınlarımızın bu sahədə potensialı azdır, yoxsa?

- Bir daha təkrar etmək istərdim ki, Azərbaycan qadını dünyada ən güclü, ən ağıllı, zəkalı qadınlardan biridir. Bu gün Azərbaycan qadını xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə, seminarlarda layiqincə təmsil olunur, öz zəkası ilə hər kəsi heyran qoyur.

Əminəm ki, yaxın müddətdə qadınlarımız arasında  nazir vəzifəsini tutanlar da olacaq və bu vəzifənin öhdəsindən gəlməyi bacaran xeyli sayda savadlı, məsuliyyətli qadınlar var. Zamanla bunun da şahidi olacağıq.

- Qadınlar üçün iş perspektivlərinin çox olması istiqamətində hansı işlər aparılmalıdır?

- Qadınlarımız fəal, cəsarətli olduqları qədər həm də zərifdirlər və bəzən zəif də ola bilirlər. Çünki yaradılışdan biz zərif məxluquq. Bu baxımdan mütləq şəkildə qadınlara dəstək proqramları, dəstək motivasiyası lazım olur.

Qadın nə qədər güclü olsa da, bir o qədər xoşbəxt olmaq istəyir. Ona görə də qadınlara dövlət tərəfindən göstərilən dəstəyin daha da artırılmasına, hansısa motivasiya təlimlərinin yaradılmasına ehtiyac var. Ola bilər ki, hansısa qadın özündə perspektivləri görə bilmir, amma müəyyən təlimlər, dəstək proqramları sayəsində bu perspektivi özündə görə biləcək, özündə yeni bir MƏN yaradacaq.

- Millət vəkillərindən biri təklif edib ki, ailəli və övladları olan qadınlar işə bir saat gec gedib, bir saat tez çıxsınlar, çünki ev işləri ucbatından qadınlar özlərinə vaxt ayıra bilmirlər. Əksəriyyət bu fikirlə razılaşsa da, bəziləri bunu gender bərabərliyinin pozulması kimi dəyərləndirdi. Sizin bu mövzuda rəyiniz necədir?

- Həqiqətən də ailəli, övladları olan qadınların özlərinə vaxt ayırmağa ehtiyacları var. Bu, gender bərabərliyinin pozulması demək deyil, çünki yaradılışdan kişi kişidir, qadın isə qadındır.

Əgər kişi gün ərzində çalışırsa, işdən sonra evə gedib istirahət edir. Qadın isə işdən sonra evdə işləməyə başlayır, övladlarının, ailəsinin qayğılarını görür, nəticədə özünə vaxt ayırmağa zaman tapa bilmir.

Azərbaycan qadını işdə məsuliyyətli işçi, evdə gözəl ana, həyat yoldaşıdır, eyni zamanda sədaqətli dostdur. Bütün bunlara vaxt ayıra bilən qadın eyni zamanda özünə də vaxt ayırmalıdır. Bu zaman daha xoşbəxt, pozitiv olar. Bir cəmiyyətdə isə qadın nə qədər xoşbəxt, pozitiv olarsa, ətrafı, ailəsi, dostları da bir o qədər xoşbəxt, pozitiv olar.

Bir sözlə, əgər biz sahibkarlıqda uğurlu qadın görmək istəyiriksə, ilk növbədə həmin qadının xoşbəxt olmasına çalışmalıyıq ki, ətrafı da onun kimi xoşbəxt və uğurlu olsun.

Qeyd edək ki, müsahibə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır. Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

 

Xalidə Gəray
Musavat.com

01.07.2024 16:39
1701