Qəbələ şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücünün cinayət işi üzrə məhkəmə araşdırması keçirilib. Məlum olub ki, təqsirləndirilən şəxs mərhumun ailəsi ilə barışıb, 38 min manat maddi yardım göstərib.
Musavat.com xəbər verir ki, Qəbələ şəhərində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza zamanı ağır xəsarət alan 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlu xəstəxanada dünyasını dəyişib.
Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəzanı törətməkdə təqsirli bilinən Mənsur Məmmədov polis nəfəri olub. O, qəzanı törətməkdə təqsirli bilinərək məsuliyyətə cəlb edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, birinci instansiya məhkəməsində zərərçəkmiş tərəflə təqsirləndirilən şəxs arasında barışıq olmayıb. Mənsur Məmmədov barəsində 5 il 2 ay cəza təyin edilib.
Hökmdən apellyasiya şikayəti verilib. Apellyasiya məhkəməsində məlum olub ki, qəzanı törətməkdə təqsirləndirilən sürücü ilə qəzada dünyasını dəyişən şəxsin hüquqi varisi - oğlu arasında barışıq olub. Təqsirləndirilən şəxs maddi zərərə görə mərhumun ailəsinə 38 min manat ödəniş edib, barışıq əldə olunub.
Apellyasiya məhkəməsi təqsirləndirilən M.Məmədov barəsindəki hökmü dəyişib. Hökmə əsasən, onun cəzası 4 il 6 aya endirilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İ.Muradov
Musavat.com