"Diaqnoz" Tibb Mərkəzində baş verən iki ölüm hadisəsinə görə cinayət işi açılıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Şahmurad Əliyev və Firəngiz Dadaşovanın "Diaqnoz" Tibb Mərkəzində əməliyyatdan sonra vəfat etmələri ilə bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.
Bir müddət əvvəl Bakı şəhər sakini Bəhruz Əliyev Musavat.com-a bildirmişdi ki, atası Şahmurad Əliyev həkim səhlənkarlığı nəticəsində vəfat etsə də, ölüm səbəbi ilə bağlı rəy ala bilmirlər.
Bəhruz Əliyev qeyd edirdi ki, atası, 1955-ci il təvəllüdlü Şahmurad Əliyev 2021-ci ilin fevralında öd yolundakı daşın götürülməsi məqsədilə "Diaqnoz" klinikasında əməliyyat olunub. Əməliyyat qapalı şəkildə həkim Rafael Həsənov tərəfindən aparılıb. Lakin əməliyyat zamanı həkim ehtiyatsızlıqdan xəstənin onikibarmaq bağırsağını deşib. Şahmurad Əliyev 1 ay sonra vəfat edib.
"Mən həkim səhlənkarlığı ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət etdim. Ərizəyə baxan Xətai rayon prokurorunun köməkçisi Etibar Əliyev araşdırmadan sonra cinayət işinin başlanılmasını rədd etdi. Şikayətim əsasında Baş Prokurorluq qərarı ləğv edərək yenidən araşdırmaya göndərdi. İki dəfə məhkəmə-tibbi ekspertizası keçirildi. Ekspertiza rəyində atamın ölümünə səbəb olan həkim səhvləri ilə bağlı kifayət qədər faktlar göstərildi. Lakin konkret olaraq ölümün səbəbinin müəyyən edilmədiyi qeyd edildi. Göstərildi ki, meyit müayinə olunmadan konkret səbəb demək olmur" - deyə mərhumun oğlu bildirirdi.
B.Əliyevin sözlərinə görə, həkim özü də etiraf edir ki, bağırsağın deşilməsi məhz onun əməli nəticəsində baş verib: "Öd daşını götürmək riskli əməliyyat deyil. Minlərlə xəstə var ki, müalicə alaraq həyatdadır. Əgər atamın həyati riski yox idisə, deməli, atamın ölümünə səbəb onun səriştəsiz həkim tərəfindən əməliyyatıdır.
Ekspertiza ölüm faktının həkimin səhvi səbəbindən olduğunu nə təkzib edə bilir, nə də təsdiq etmək istəyir. Müstəntiq işə düzgün hüquqi qiymət vermək üçün Səhiyyə Nazirliyindən mütəxəssis rəyi almır. Bu qədər fakt və dəlillər olduğu halda cinayət işi başlanmırsa, deməli, həkimi məsuliyyətdən yayındırmağa çalışırlar. İş üzrə obyektiv araşdırma aparmaqla Rafael Həsənov barəsində cinayət işi başlanmasını və məsuliyyətə cəlb edilməsini istəyirik".
"Diaqnoz" Tibb Mərkəzi isə deyirdi ki, xəstəyə vaxtında müdaxilə edilib və lazımi müalicələr olunub. Mərkəz bildirir ki, Rafael Həsənovun günahı yoxdur.
Bu hadisə ilə əlaqədar prokurorluq orqanlarının qərarı ilə 3 dəfə məhkəmə-tibbi ekspertiza aparılıb, ixtisaslı mütəxəssislərin də iştirakı ilə ayrı-ayrı ekspertlər tərəfindən elmi əsaslı və obyektiv rəylər tərtib edilib.
Qeyd olunan texniki qüsur səhiyyə sistemində mövcud və qüvvədə olan təlimat qaydalarının pozulması kimi qiymətləndirilib, buna məsul şəxsin əməliyyatı icra edən həkim-mütəxəssisin olması göstərilməklə həkim günahlandırılıb.
Məsələ ictimailəşəndən sonra Bakı şəhər prokuroru Elşən Abbasov işi nəzarətə götürüb.
Bundan sonra hər iki ölüm hadisəsi ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq cinayət işi açılıb. Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayəti baş verdiyindən Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi açılıb.
İlkin Muradov
Musavat.com