Londonda yaşayan azərbaycanlı rəssam Məryəm Novruzi iş həyatında ciddi uğurlara imza atmaqla qalmır, həm də ölkəmizi daha geniş auditoriyaya tanıtmaqla məşğuldur. Bunun üçün o, cəlbedici bir yol seçib. "Youtube" kanalında və "instagram" bloqunda paylaşdığı videolarda Azərbaycan mədəniyyəti, milli mətbəxi və zəngin irsindən söz açaraq vətənə olan sevgi, ehtiram və minnətdarlıq hissini ifadə edir.
Karyerasına rəssam kimi başlayan Məryəm ilk sərgisini 16 yaşında Bakıda təqdim edib. O, daha sonra dünyanın bir çox məşhur moda evlərində və kino sənayesində, həmçinin vizual brendinq, qrafik və multimedia dizaynı sahələrində çalışıb. O, hazırda vizual hekayələr yaratmaq həvəsi olan kreativ direktordur.
Publika.az Məryəm Novruzi ilə müsahibəni təqdim edir.
- Məryəm Novruzi Bakı və London üçün kimdir? Özünüzü oxuculara daha yaxından tanıda bilərsiniz?
- Məryəm Novruzi özünü təqdim etməkdən, səsini dünyaya çatdırmaqdan qorxmayan, insanları birləşdirməyi və öyrətməyi sevən, həmçinin şəxsi təcrübələrini onlarla bölüşən və həyatlarına yeniliklər qazandırmağı sevən gənc bir qızdır. Hədəflərim böyükdür, uşaqlıqdan bəri Azərbaycanı dünyada təmsil edən qadın olmaq istəmişəm. Odur ki, bu yolda fasiləsiz olaraq irəliləyirəm. Çalışdığım sahələrdə nəticələri az-çox görürəm və özümü daha çoxunu əldə etməyə istiqamətləndirirəm.
- Həm kino, həm moda sənayesində, həmçinin vizual brendinq, konseptin inkişafı, komanda rəhbərliyi, qrafik və multimedia dizaynı sahələrində çalışmısınız. Bu müxtəliflik onu deməyə əsas veririk ki, yaradıcılıq eşqiniz və qabiliyyətiniz çərçivələri aşır. İnsanın özünü axtarması və kəşf etməsi mürəkkəb prosesdir... Özünüzü ən çox hansı sahədə tapa bilmisiniz?
- Bu axtarışlar həm həyat dolu, həm də mürəkkəb mərhələdir. İnsan özünü tapmaq üçün əlindən gələn hər şeyi etməli, bir çox təcrübə və sınaqlardan keçməlidir. Deyə bilmərəm ki, özümü hardasa tapmışam, insanlar onlara dərin emosiyalar gətirən yerlərdə qalmağı seçirlər. Mənə bu emosiyaları gətirən yaradıcı sahələrdir. Burda həm kreativliyimi göstərə, həm də öz fikrimi daha geniş auditoriyaya çatdıra bilirəm. Bu dünyada olmayan hər hansı bir yeniliyi həyata keçirmək, nəyisə sıfırdan yaratmaq mənim üçün özünü tapmaq deməkdir. Mən yaradıcılığın sehrləmək, ruhlandırmaq və dəyişiklikləri idarə etmək gücünə inanıram!
- “Maria and sofa” podkastından sonra sosial mediada daha da tanınmağa başladınız. Bu ideya necə yarandı və podkastı hazırlamağa necə qərar verdiniz?
- Plansız bir şəkildə baş verdi. Tanınmaq və ya özümü göstərmək üçün sosial mediaya ehtiyacım yoxdur. Onsuz da Londonda kifayət qədər tanınır və sevilirəm. Məşhur olmaq üçün sosial mediaya müraciət etmək istəməmişəm heç vaxt. Amma dövr dəyişir, sosial media həyatımızın mərkəzi olub. Sosial media sayəsində ətrafında və sənin diapozununda olmayan insanları tapmaq, onlarla əlaqə qurmaq daha da asanlaşıb. Səsimi daha çox gənc qızlara yetirmək üçün “Maria and Sofa”nı yaratdım. “Maria and Sofa”nın birinci versiyası mental və ruhi sağlamlıq ilə bağlı idi. Bir yerdə azərbaycanlı olduğumu qeyd etdim. Bu, sosial mediada böyük marağa səbəb oldu. O vaxtdan etibarən mən və İngiltərədə yaşayan komandam qərara gəldik ki, podkastı Azərbaycana fokuslanaraq davam etdirək. Mənim üçün azərbaycanlı olmaq normal haldır, buna alışmışam. Həyatımın hər anında ölkəmiz haqqında qürurla danışıram. İngiltərədə insanlar buna maraq göstərdikləri üçün Azərbaycan tarixi, mədəniyyəti və ənənələri barədə paylaşım etməyə başladım.
- Podkastın mövzularını nəyə əsasən seçirsiniz? Auditoriyanın tələbatını tapa bilirsiniz?
- Əlbəttə ki, nəzərə alıram. Maraqlıdır ki, auditoriya ilə tələbatlarımız tamamilə fərqlidir. Məsələn, son podkastlardan birinin məqsədi Azərbaycan insanını tanımaq idi, amma iqlim məsələsi daha çox diqqət çəkdi. Ürəyimizdən keçən mövzulara toxunuruq. Bəzən seçimlərimiz izləyicilərin marağı ilə uyğunlaşır, bəzən isə yox. İstənilən halda əsas məqsəd odur ki, Azərbaycan haqqında informasiyanı ingilis dilində düzgün və dolğun şəkildə çatdıraq.
- Podkastda Azərbaycan haqqında danışdığınız xatirə və hekayələriniz necə qarşılanır? Ölkəmizi tanıtmaq üçün daha hansı addımları atmısınız?
- Podkastın müəyyən bir ideyası və süjeti var, amma yazılı süjet xətti heç vaxt olmur. Söhbətləri təbii qaydada aparırıq. Gündəlik həyatımda 15 insanla tanış oluramsa, adətən 10 nəfəri Azərbaycanı tanımır və onlara ölkəmizdən söz açıram. Bir həftə ərzində 70 insana Azərbaycanı tanıdıram. Çünki həyatım çox sosialdı, Londonun birdən çox "member network" klubuna üzvəm və bütün sosial tədbirlərdə, sərgilərdə, moda həftələrində aktiv şəkildə iştirak edirəm. Londonda keçirilən bir çox sosial tədbirlərə dəvət alıram, orda iştirak etməyimin ən böyük səbəblərindən biri də Azərbaycanı təmsil etməkdir.
- Məryəm xanım, necə düşünürsünüz, başqa ölkəyə köçdüyümüz zaman milli kimliyimizdə hansı dəyişikliklər baş verir?
- Dəyişikliklər qaçılmazdır, lakin azərbaycanlı olduğumuzu heç nə dəyişdirmir. Bir insanı Azərbaycandan kənara apara bilərsiniz, amma Azərbaycanı ondan ala bilməzsiniz. Əlbəttə ki, insan təbiəti hər şeyə uyğunlaşır. Başqa bir ölkəyə köçürüksə və orda həyat qurmaq prespektivimiz varsa, uyğunlaşmağı seçirik, öyrəşməsək, orda yaşaya bilmərik. Ən vacibi gəldiyin yeri unutmamaq və onu hər an özünlə daşıya bilməkdir. İngiltərə kimi böyük ölkələrdə Azərbaycan o qədər də tanınmır. Bu mənada bir vətəndaş olaraq onu tanıtmaq borcumuzu yerinə yetirməliyik. Biz etməsək, kim edəcək?..
- Başqa bir cəmiyyətə nüfuz etmək və onun bərabərhüquqlu sakini olmaq asan iş deyil. Bunun öhdəsindən necə gələ bilmisiniz?
- Etiraf edirəm, çoxlarına çətin olur. Mən cəmiyyət insanıyam. Cəmiyyətə uyğunlaşmaq xarakterimin bir parçasıdır. Fərqi yoxdur, bu, böyük və ya balaca, yaxud da bir dərnəkdir. Yeniliyə və adaptasiyaya açığam. Belə doğulmuşam, uşaqlıqda da belə idim. Yaşım az olanda Çinə getmişdim, bir həftənin içində həm 3 cümlə qurmağı öyrənə, həm də 10 nəfərlə dostlaşa bilirdim. Sizdə belə bir xüsusiyyət yoxdursa, onu əldə etmək üçün çalışmaq lazımdır. Bunun öz yolları və yaradılmış xüsusi platformalar var. Sizə köməklik göstərən insanları tapmaq ən rahat yol olar.
- Azərbaycana bağlılığınız sosial media hesabınızdan da bəlli olur. Bu bağlılıq hardan qaynaqlanır?
- Vətənə necə bağlı olmamaq olar?! Azərbaycançılıq ideologiyası ilə böyümüşəm və bu, xarakterimdə öz əksini tapıb. Bu, həm yumorumda, həm dostluq kriteriyalarımda hiss olunur, hadisələrə bir azərbaycanlı kimi reaksiya verirəm. Doğulduğum və gəldiyim yerə bağlıyam. Milli musiqilərimiz, xalq və bəstəkar mahnılarının təsiri ilə böyümüşəm, retro filmlərimiz də kimliyimin formalaşmasında rol oynayıb. Əlbəttə ki, saydıqlarım həyatımın ayrılmaz parçasıdır. İnşallah gələcək ailəm və uşaqlarıma da bu sevgimi ötürəcəm. Həyat yoldaşım haralı olmasından asılı olmayaraq, bir azərbaycanlı ilə ailə qurduğunu unutmamalıdır. Uşaqlarım analarının azərbaycanlı olduğunu biləcək. Hər zaman deyirəm, bir insana hörmət etməyim üçün onun gəldiyi yerə də hörmət etməsini görməliyəm.
- Azərbaycanı xaricdə təmsil və təbliğ etmək üçün xaricdə yaşayan həmvətənlərimizə tövsiyələrinizi verə bilərsinizmi?
- Sözsüz ki, bu istiqamətdə ən effektiv və düzgün platforma sosial şəbəkələrdir. Lakin insanlar fərqlidir, bəziləri özlərini göstərməyi və danışmağı sevmir. Londondakı həmyerlilərimizlə də çox yaxşı əlaqələrim var. Gördüyüm odur ki, bunun üçün onların sosial şəbəkələrə ehtiyacı yoxdur. Xaricdə olan cəmiyyətə qaynayıb-qarışmaq üçün çoxlu əlaqələr qurursan. Bu zaman ölkəni də tanıdırsan.
- Özünüzə nə zaman və harada limit tətbiq edirsiniz?
- Heç zaman limit tətbiq etmirəm, özümdə bu gücü tapa bilmişəm, çünki kişi cəsarətinə sahibəm. Heç vaxt qorxaq olmamışam, heç vaxt da olmayacam. Desələr ki, sabah Marsa uçub reportaj hazırlamalıyam, düşünmədən razılıq verərəm. Böyük hədəfləri olan insanın qarşısında heç bir məhdudiyyət ola bilməz. Limit varsa, demək ki, həfədlər o qədər də böyük olmayıb.
- Həm də mükəmməl zövq duyumunuz var. Odur ki, bu mövzuda da məsləhətləriniz qiymətlidir. Zövqlü və eleqant görünmək üçün nələrə diqqət etməliyik?
- Hissiyatıma güvənirəm. Çox araşdırır, çox müşahidə edirəm. Londonun Soho rayonunda işləyirəm. Soho dünyanın ikinci fəşn məkanı sayılır. Hər gün doqquzdan axşam yeddiyə kimi burdayam. Odur ki, birbaşa modanın içindəyəm. Evdən çıxmazdan öncə soruşuram ki, “Məryəm bu gün özünü necə hiss edirsən”? Özünü dinləsən və hiss etsən, zövqün və seçimlərin səni yanıltmayacaq. Trendlərə daha çox fokuslanmamaq, daha çox özünə nə yaraşdığına və nə istədiyinə köklənməlisən. Əgər daxili enerji çox dürüst və içdən gəlirsə, o, səni uğursuz görünməkdən xilas edəcək. Odur ki, ən birinci qəlbini dinləməyi bacarmalısan!
Aytən Məftun