"Deyirlər ki, "Taleh Yüzbəyov qudurub", amma..."

"Serialı tənqid edənlər onu daha da populyarlaşdırdı"

Qalmaqala səbəb olan "Alatava" serialının aktyoru Taleh Yüzbəyov yenidən açıqlaması ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, aktyor bu dəfə də onu və serialı tənqid edənlərə sosial şəbəkə üzərindən cavab ünvanlayıb:

"Yenə aləmi qatıblar bir-birinə. Xalq artistlərimizə provokasiya tipli suallar verəndən sonra mənim statusumu da təhrif eləyib paylaşdılar, sonra yenə ağsaqqallardan müsahibə aldılar, biri dedi: "Taleh Yüzbəyov qələt danışır!" ("Taleh Yüzbəyov qələt edir!" kimi başlığa çıxarıldı), o biri dedi: " ... efirə yığılaq, millət görsün kim kişidir, kim dişi..." Sonra bəzi saytlar bu başlıqları da mənim adımdan paylaşdılar ki, guya mən onlara demişəm bu sözləri. Ağsaqqallarımız kimi xalqımızın müəyyən hissəsi də xəbəri oxumadan başladılar məni tənqid etməyə ki, "Taleh Yüzbəyov qudurub!"

Mən isə heç bir ağsaqqalımıza cavab vermirəm. Əvvəla ona görə ki, işə baxılmadan olunan tənqidi faydalı saymıram, mənim cavabım onların təhqirlərinə idi. Tənqid isə azaddır. Bəyənənlərin də əlinin içindən gəlir, bəyənməyənlərin də. İkincisi, cavab verib, hansısa sayt və səhifələrə "like" və "comment" yığmaq üçün material vermək istəmirəm. Bu işdə xalq artistlərimizin də istifadə olunmasını rəva bilmirəm. Hətta bu statusu yazanda belə hər sözü ehtiyatla seçməyə çalışıram ki, xəbər başlığını çıxarmaq olmasın. Amma bilmək olmaz, bir də gördük buradan da nəsə çıxardılar.

Qısası, əslində, guya serialı tənqid etmək istəyənlər və onlara dəstək verən izləyicilər "like" və "comment"ləri ilə serialı daha da populyarlaşdırdılar. Həmin gündən sonra "YouTube"da baxış sayları əməlli artdı. İstəmədən və bilmədən seriala xeyir verdilər. Üstəlik, tənqid olunan məqam odur ki, efirdə söyüş olmaz. Neçənci dəfədir deyirik, efirdə söyüşlü versiya göstərilmir. Efirdə söyüşlər səssizləşdirilir. Yalnız "YouTube"da senzurasız versiya təqdim olunur. Hətta bura senzura istəyənlər var idi. Bu isə tamam başqa bir mövzudur. Və nəhayət, "YouTube"da da iki seçim verildi: senzurasız və senzuralı versiya. Yəni orada da seçim edə bilərsiniz.

Bu günlərdə isə yoldaşımın zarafatla paylaşdığı bir "story"ini də xəbər eləyiblər: "Taleh Yüzbəyov yoldaşını siqaretlə yandırdı!" Əlində 24 saat siqaret olan adam kimi istəmədən alınmış bir şey idi. Saytlar isə məni cəmiyyətə ailə zorakılığı törədən manyak kimi təqdim edir. Yenə də xəbəri oxumadan tənqid eləyənlər yazır ki, "Taleh Yüzbəyov qudurub!""

Xatırladaq ki, İctimai TV-nin efirində yayımlanan "Alatava" serialı qısa zamanda sevilən ekran işinə çevrilsə də, onun əleyhinə çıxanlar, sərt tənqid edənlər də oldu. Buna səbəb isə aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin yalnız "YouTube" üzərində açıq şəkildə tez-tez istifadə edilməsidir. Bununla bağlı İTV və Radio Verilişləri Şirkəti Yayım Şurası toplantı keçirib, serialla bağlı qərar qəbul edilib.

Xalidə Gəray
Musavat.com

03.05.2024 15:24
1793