"Bugünkü gün getsin, bir daha qayıtmasın. Bir daha belə bir bəla ilə rastlaşmayaq".
Musavat.com bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elmira Ələkbərzadə (Emma) sosial şəbəkə hesabında yayımladığı videoçıqlamada deyib.
Sənətçi bildirib ki, zəlzələ anı oğlu David məktəbdə, özü isə küçədə olub:
"Zəlzələ zamanı mən şəhərdə gəzirdim. Birdən-birə yer ayağımın altından əsməyə başladı. Sözün düzü, elə bildim ki, qan şəkərim düşüb və panikaya düşdüm. Sonra bir anlıq gördüm ki, şəkərim düşməyib. Telefonumda oğlumun valideyn qrupunun mesajını gördüm. O zaman mən panikaya düşdüm. Qaça-qaça övladım Davidin təhsil aldığı 23 saylı məktəbə getdim. Orada direktordan tutmuş müəllimlərə qədər panika və qorxu yaratmadan ibtidai sinif şagirdlərini məktəbin həyətinə çıxarmışdılar. Böyük sinif şagirdləri zəlzələnin olduğunu təbii ki, anlamışdılar.
Məktəbdə basabas və panika yaşanmadı. Mən və başqa valideynlər də gedib öz övladlarını məktəbdən götürdük. Şagirdlər sonradan zəlzələnin olduğunu bilib, oğlum David qarışıq başladılar ağlamağa. Hamımız çalışdıq, uşaqlarımızı sakitləşdirməyə. Sosial şəbəkələrdə məktəblərdə çəkilmiş və panika olan videolara rast gəldim. Bu da normaldır. Çünki hər bir insan öz həyatını fikirləşir. Bizim üçün ən vacib uşaqlarımızın həyatıdır. Şükürlər olsun ki, hər kəs salamatdır. Allah hamımızı fəlakətlərdən qorusun. Bir də belə bir hallarla rastlaşmayaq. Özünüzü və ailənizi qoruyun".
Emmanın sözlərinə görə, zəlzələyə səbəb noyabr və dekabr aylarında müşahidə olunan anomal istilər olub:
"Noyabr və dekabr aylarında müşahidə edilən anomal isti hava ilə bağlı deyirdim ki, bu, normal hal deyil. Çox insan isə mənə gülüb deyirdi ki, sənin istiyə dözümün yoxdur. Ona görə belə sözlər deyirsən. Amma mən deyirdim ki, bu istilərin axırı zəlzələ ilə nəticələnəcək. Payızda payız, qışda isə qış havası olmalıdır. Bir daha deyirəm, keçmiş olsun".
Qeyd edək ki, bu gün səhər saat 08:15-də Bakıda 12 ballıq Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub.