İsveçli iqlim fəalı Qreta Tunberq (Greta Thunberg) noyabrın 11-də Tiflisdə Azərbaycanda başlanan COP29 sammitinə qarşı aksiyaya çağırışı ilə gündəmə gəlmişdi.
Fəal hamını noyabrın 11-də saat 11-də Gürcüstanın paytaxtı Tiflisdəki "Azadlıq" meydanında (Puşkin Parkı) mitinqə qoşulmağa səsləmişdi.
Musavat.com Qreta Tunberqlə bağlı bəzi məlumatları araşdırıb. İlk olaraq 21 yaşlı qızın kimliyinə nəzər salaq.
Anası opera müğənnisi, atası aktyor...
Qreta Tunberq ekoloji fəal, məşhur opera müğənnisi Malena Ernman və aktyor Svante Tunberqin qızıdır. 2003-cü ildə Stokholmda anadan olub.
Onun adı 2018-ci il avqustun 20-də dünyaya məlum oldu: Həmin vaxt o, ilk dəfə İsveç parlamentində evdə hazırladığı posterlə göründü. Posterdə "Skolstrejk For Klimatet", yəni “İqlim üçün Məktəb tətili” yazılmışdı.
Valideynləri əvvəlcə onu bu cür etirazlardan çəkindirdilər, hətta Qretanın fikirlərini bölüşənlər də onu dəstəkləmədilər. Lakin Tunberq siyasətçilər aşkar faktlara və elmi araşdırmalara diqqət yetirməyə hazır deyilsə, məktəbə getməyin mənası olmadığını dedi. Onun etirazından əvvəl çoxlu sayda meşə yanğınlarının baş verdiyi İsveçdə 262 illik hava müşahidələri tarixində ən isti yay idi.
Qreta bir neçə həftə məktəb əvəzinə parlament qarşısında oturaraq etirazının səbəbini izah edən vərəqələrlə çıxış etdi: “Mən bunu ona görə edirəm ki, siz böyüklər mənim gələcəyimlə maraqlanmırsınız”.
Onun hərəkətləri bütün dünyada rezonans doğurdu və “Gələcək üçün cümə günləri” (iqlim məsələlərinə diqqəti cəlb etmək üçün nəzərdə tutulmuş məktəb və tələbə tətilləri) kimi tanınan kütləvi tədbirlərə səbəb oldu.
O, hökumətin iqlim dəyişikliyi ilə bağlı daha çox tədbir görməsini və siyasətçilərin Paris iqlim sazişinin şərtlərinə tam əməl etməyə başlamasını istəyirdi. Qretanın solo etirazı parlament seçkilərinə üç həftə qalmış başladı. Elə ilk gün insanlar hörüklü qız haqqında sosial şəbəkələrdə yazmağa başladılar, həftənin sonuna kimi artıq bir neçə onlarla insan, o cümlədən müəllimlərindən biri də onun etirazına qoşulmuşdu. Etirazçılar əvvəlcə isveçlilərin, sonra isə dünya mediasının diqqətini cəlb edə bildilər.
"Mən istəyirəm ki, iqlim məsələləri siyasətçilər üçün prioritet olsun ki, onlar iqlimə diqqət yetirsinlər və mövcud iqlimə böhran kimi baxsınlar", - qız deyirdi.
Sonra nə oldu?
Tezliklə Tunberq etirazını dayandırmayacağını və hər cümə günü dərs əvəzinə İsveç parlamentinə gedəcəyini açıqladı. O vurğuladı ki, indi dəyişikliklərə ehtiyac var - əks halda hamını fəlakət gözləyəcək. Qreta dünyanın hər yerindən insanları ondan nümunə götürməyə çağırdı və eko-hərəkətə "Fridaysforfuture" (“Gələcək üçün cümə günləri”) adını verdi.
Ona kimlər qoşuldu?
Dünyanın bir çox ölkələrindən olan məktəblilər isveçli həmyaşıdlarından nümunə götürdülər. Qreta eko-etirazın simvolu oldu.
Aparıcı dünya jurnalları onun fotoşəkillərini 2019-cu ilin martında üz qabığında yerləşdirməyə başladılar, isveçli məktəbli qız Nobel Sülh Mükafatına namizəd oldu. May ayında Britaniyanın “Penguin Books” nəşriyyatı fəalların çıxışlarından ibarət “Sən fərq yaratmaq üçün kiçik deyilsən” toplusunu nəşr etdi. İndi Amazonda siz Tunberqə həsr olunmuş müxtəlif dillərdə ondan çox kitab tapa bilərsiniz.
Niyə məhz Qreta?
2018-ci ilin sonunda iqlim dəyişikliyi mövzusu mediada əvvəlkindən çox daha geniş işıqlandırılmağa başladı. Getdikcə daha çox insan tətillər təşkil edən fəalları dinləməyə başladı. Etiraz afişasının yanında səkidə tək oturmuş sarı pencəkli qızın fotoşəkilləri və video görüntüləri hətta əvvəllər ekoloji problemlərə kifayət qədər laqeyd yanaşanlara da emosional təsir göstərdi. Bu təsir "Qreta effekti" adlanırdı.
Dünyanın ən firavan ölkələrindən birində yaxşı ailədə doğulmasına baxmayaraq, 11 yaşında qıza əvvəlcə depressiya, sonra Asperger sindromu, diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu və selektiv mutizm diaqnozu qoyuldu.
Dünya liderlərinin qarşısında çıxış…
23 sentyabr 2019-cu ildə Nyu-Yorkda keçirilən BMT-nin iqlim sammiti 60-a yaxın dünya liderini bir araya gətirdi. Qreta da həmin sammitdə çıxış etdi. Hətta ABŞ-də president seçkilərində qalib gələn Donald Tramp da isveçli məktəbli qızın çıxışını dinləyənlər arasında olub və o, daha sonra tvitter hesabında yazıb: “O, parlaq və gözəl gələcəyi səbirsizliklə gözləyən çox xoşbəxt gənc qıza bənzəyir. Buna baxmaq necə də gözəldir!”.
Bu tədbirdə Qreta dünya liderlərinə müraciət edərək ağlaya-ağlaya deyib: “boş nitqlərinizlə məni uşağlığımdan məhrum etdiniz”. Onun bu çıxışı çoxlarının xoşuna gəlmədi və Qretaya qarşı tənqidlər başladı.
Bəziləri, o cümlədən Britaniyanın keçmiş baş naziri Tereza Mey Tunberqin dərsləri qaçırması və bütün dünyada milyonlarla yeniyetməni ondan nümunə götürməyə təşviq etməsi faktını bəyənmir. Bir zamanlar Almaniya kansleri Angela Merkel ekoloji tətilləri “bir növ kənar müdaxilə” kimi qiymətləndirdi.
Almaniya Bundestaqının Xristian–demokrat və Xristian-sosial birlik fraksiyasından olan deputatı Aleksandr Trom isə isveçli ekofəalın Almaniyaya girişinə qadağa qoyulmasını təklif edib.
Bu təklifə səbəb onun 2024-cü il oktyabrın 7-də Berlində İsrail əleyhinə keçirilən nümayişdə iştirakı olub: “Almaniyada Qreta Tunberq kimi yəhudi düşmənlərinə yer yoxdur. İsrailə qarşı təbliğat aparmaq və bizim polislərimizi ləkələmək üçün bura gələn heç kəsə Almaniyada yer yoxdur. Düşünürəm ki, Almaniya Daxili işlər nazirinin gələcəkdə bu antisemitin ölkəyə girişini qadağan etməsi nəinki məqsədəuyğundur, hətta zəruridir”.
İsrail Təhsil Nazirliyi məktəb materiallarından Q.Tunberqə istinadları silmək qərarına gəlib. “Ynet” portalı xəbər verir ki, isveçli Fələstin və Qəzza zolağına dəstək verdiyi üçün hakimiyyət bu tədbirə əl atıb. “Belə bir mövqe Tunberqi mənəvi və tərbiyəvi dəyərlər baxımından nümunə olmaq hüququndan məhrum edir. Onun artıq israilli tələbələr üçün nümunə və örnək olmaq hüququ yoxdur” – deyə nazirlik bildirib.
Qreta niyə öz məqsədlərindən uzaqlaşıb ermənilərlə bir araya gəldi?
Maraqlı məqam odur ki, COP29-un Azərbaycanda keçirilməsinə qərar veridikdən sonra bir çoxları Azərbaycana qarşı təxribatçı çağırışlara başladılar. O cümlədən iqlim fəalları ölkəmizə qarşı fərqli ittihamlarla radikal mövqeyə keçdilər. Birdən-birə eko fəalllar siyasətçiyə, tarixçiyə çevrilib, həmişəki məqsədlərindən və çağırışlarından uzaqlaşdılar.
Qrete Tunberq də həmçinin. O, Azərbaycanı ermənilərə, ukraynalılara, kürdlərə və digər etnik qruplara qarşı müharibə və etnik təmizləmə aparmaqda ittiham etdi. Görəsən, Qreta ömründə bir dəfə əlinə tarix kitabı alıbmı? Ümumiyyətlə, xəritədə Azərbaycanın harada yerləşdiyini bilirmi?
İngilis aparıcı Tunberqi "təhlükəli və dəli" adlandırmışdı və ona məsləhət görmüşdü ki, məktəbə qayıtsın və ağzını yumsun. Doğurdan da Qretanın ağlı başında olsaydı, Azərbaycanın ukraynalılara və ermənilərə qarşı etnik təmizləmə etdiyini iddia etməzdi. Çünki belə bir iddianı ancaq dəli edə bilər. Eyni zamanda Qreta vaxtında parlamentə deyil, məktəbə getsəydi, Azərbaycanın kürdlərə və digər etnik qruplara qarşı da etnik təmizləmə etmədiyini bilərdi.
Bu vaxta qədər bütün dünyanın “ətraf mühitin qoruyucusu” kimi tanıdığı, daha doğrusu hər kəsə belə bir imic sırıyan bu gənc xanım ermənilərə xoş gəlmək üçün özünə əl qatıb. O, ekologiyanın başını buraxıb, Türkiyə və Azərbaycan haqqında bəyanatlar verməklə məşğuldur. Ermənipərəst dairələrin tapşırığını yerinə yetirən Qreta Gürcüstanda “Etnik təmizləmə sülh deyil”, “Erməni girovları azad edin! kimi şüarlar səsləndirdi.
Skandinaviya yarımadasındakı konstitusiyalı monarxiyalı bir dövlətin vətəndaşı iddia etdi ki, Azərbaycan COP29-a ev sahibliyindən guya ermənilərə qarşı “etnik təmizliyi” pərdələmək, qalıq yanacaq ixracatını və istehsalını legitimləşdirmək üçün istifadə etməyə çalışır.
Elə ondan başlayaq ki, 1988-ci ildən məhz Ermənistan siyasi hakimiyyətinin əsassız iddiaları səbəbindən qızışdırılan, ardınca silahlı münaqişəyə çevrilən Qarabağ problemi, 1994-cü ilə qədər davam edən qanlı müharibə nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, yüzminlərlə azərbaycanlı məcburi köçkünə çevrilib, minlərlə vətəndaşımız öldürülüb, itkin düşüb, əsir və girov götürülüb. 1994-cü ildən 2020-ci ilə qədər ötən 26 il ərzində Azərbaycan Qarabağ probleminin dinc yolla, sülh şəraitində, insan itkisi olmadan həll edilməsi üçün bütün vasitələrə əl atıb. Hətta bilə-bilə ki, sülh danışıqlarının heç bir səmərəsi yoxdur, ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Fransa və Rusiya açıq-aşkar ermənipərəst mövqe tuturlar, yenə də dialoqdan imtina etməyib.
Bütün bu illər ərzində bir dəfə də olsun isveçli qretalar, “hüquq müdafiə təşkilatları”, “aktivistlər” azərbaycanlıların Xocalı soyqırımını, 1 milyona yaxın insanın qaçqın düşməsini nəinki dilə gətirib, hətta görməzdən gəliblər.
Eko fəal Qreta vaxtında məktəbə getsəydi və tarixlə maraqlansaydı, Şuşa şəhəri yaxınlığında yerləşən Topxana meşəsinin ermənilər tərəfindən məhv edilməsi və yandırılmasından xəbəri olardı.
Əksinə Ermənistan Qretanın ölkəsinin də üzv olduğu NATO-ya faktiki rəhbərlik edən ABŞ-dən yeni gərginlik, müharibə üçün silah-sursat alır.
Qərbin şişirtdiyi psixi pozğunluğu olan bu qız özünü ermənilərin vəkili kimi aparır. Əslində isə hörükləri olan bu qız erməni diasporasının növbəti oyuncağı-gəlinciyidir. Əks halda o, noyabrın 12-də İrəvana gedib, Ermənistan–Amerika Universitetinin Manukyan zalında “Azərbaycanın təcavüzünün (?) insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” adlı panel müzakirəsində iştirak etməzdi.
Onu da bildirək ki, Q.Tunberq bu ilin aprelində Haaqada keçirilən aksiya zamanı polislər tərəfindən saxlanılarkən Azərbaycan Xarici İşlər Nazirliyi Niderland hakimiyyətinə çağırış etmişdi.
Nazirlik bununla “X” platformasındakı paylaşımında aşağıdakıları qeyd etmişdi: “Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”.
Görünür təbiətşünaslıq sahəsində savadsızlığını dəfələrlə nümayiş etdirən bu qızın yaddaşı da çox pisdir.
Qərbin ermənipərəst dairələrinin layihəsi olan Tunberq yaxşı olardı ki, ingilis aparıcının sözlərinə əməl etsin: məktəbə qayıtsın, oxusun və ağzını yumsun.
Şahanə Rəhimli
Musavat.com