“Dərin dövlət” Azərbaycanı hara aparır?

Qarabağdan sonra biz dövlət olaraq özümüzə yeni hədəflər müəyyənləşdirdikdə, özümüzü hədəf(r) etməməliyik...

Qarabağın tam azadlığından sonra biz millət olaraq yeni hədəflər axtarışında olmalıyıqmı? Bu aktual sual müzakirələrə açıq da ola bilər, ya da dəbdə olan ifadə ilə desək, “Dərin dövlət”in özünün verəcəyi qərar da... “Dərin dövlət” mövzusuna yazının sonunda yenidən qayıdacağıq.  

 

Bir neçə gün əvvəl  yeni milli hədəflər mövzusunda hörmətli Elçin Şıxlının məqaləsini oxudum, aktual mövzu ətrafında çox maraqlı tezislər vardı. Zənnim məni aldatmırsa, yazının əvvəlki variantı da vardı, həm də fərqli. Amma indi bunun o qədər də əhəmiyyəti yoxdur. Qısaca olaraq özətləsəm, yazı millət olaraq hansı ideyalara köklənməmiz üzərində fikir gəzişmələridir. Sevindirici haldır ki, bizim  ziyalılar bu cür aktual və taleyüklü mövzulara diqqət ayırırlar. 

İndi yazıdan seçdiyim bəzi sitatlara diqqət edək: “Ölkəmiz uzun və çətin bir yolla irəliləyərək əsas milli məqsədinə – ərazi bütövlüyünün bərpasına nail oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən öz sərhədlərinə qovuldu. Lakin göründüyü kimi, bölgədə vəziyyət hələ də gərgindir. Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə dayanaraq bərpa etdikdən sonra müstəqil siyasət yürütməyə başladı. Bu isə bəzi xarici dairələrin xoşuna gəlmədi. İndi ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilir, guya ermənilərin guya zorla deportasiya edildiyi iddiaları irəli sürülür, revanşist meyllər qızışdırılır. Bu proseslər Azərbaycanın gələcəyə hesablanmış uzunmüddətli strateji planlara xüsusi diqqət yetirməsini zəruri edir”.

Elçin müəllim daha sonra yazır ki, Azərbaycanın əsas xarici siyasi prioritetlərindən biri Türk Dövlətləri Təşkilatıdır (TDT). Yenə yazıdan sitat: “Bu qurum həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyanın vacib platformasıdır.  Lakin TDT-də də bəzi çətinliklər mövcuddur. Türkiyənin lider ölkə kimi təşəbbüslərinin bəzən Mərkəzi Asiya dövlətləri tərəfindən ehtiyatla qarşılandığı müşahidə olunur. Məsələn, bəzi türk dövlətlərinin Cənubi Kipri tanıması bu ziddiyyətlərin nümunəsidir. Bu fonda Azərbaycan TDT daxilində balanslaşdırıcı və birləşdirici rol oynamağa başlayıb. Lakin regional sabitlik və türk dünyasının birliyi ilə yanaşı, Azərbaycanın daha dərin və strateji maraqları da mövcuddur – Cənubi Azərbaycan məsələsi...”

Bundan sonrasını təklif edirəm ki, bu linkdən (https://ayna.az/bizim-bir-vetenimiz-var-azerbaycan) özünüz oxuyasınız. Çünki “Cənubi Azərbaycan məsələsi” həssas mövzudur və müəllif burada bu ideyanın gerçəkləşməsi üçün xeyli ilginc təkliflər irəli sürüb.

***

Doğurdan da, Qarabağın azadlığından sonra bizim hədəfimiz nədir? Qarabağ 1988-ci ilin 17 noyabrından- yəni Topxana meşəsinin qırılmasından başlayaraq, ta  Xankəndidə antiterror əməliyyatınadək bir milli hədəf, ideya oldu. Qarabağ bu uzun, bəzən üzücü illərə rəğmən dövlətin və millətin ortaq dərdi və hədəfi olmaqdan heç vaxt çıxmadı. Təsadüfi deyil ki, o torpaqları görməyən minlərlə gəncimiz-ataları Birinci Qarabağ müharibəsində şəhid olanların övladları- İkinci Qarabağ savaşında irəli çıxdılar, canını təkcə torpağa görə deyil, milli hədəfin gerçəkləşməsi, işğalın sonlandırılması üçün qurban verdi.  

Rəhmətlik Elçibəy və tərəfdarlarının yaratdığı Böyük Azərbaycan Birliyinin tədbirlərində jurnalist kimi çox iştirak etmişdim, orada da məlum, Cənubi Azərbaycan söhbətləri aparılırdı. Düzdür, o zaman bu sayaq söhbətlər şəxsən mənim beynimə heç batmırdı. Çünki Şuşanı itirmişdik və Təbriz daha xəyal belə deyildi...

Amma indi Şuşa da, hətta Xankəndi də gerçəkdir!  Amma bu o demək deyil ki, biz özümüzə yeni hədəf müəyyənləşdirdikdə, özümüzü hədəf(r) etməliyik. Ümumiyyətlə, 1988-ci ildən başlayaraq milli oyanış hərəkatı ən çox xalqın öz tarixinə baxmaq və gerçəkliyi öyrənmək istəyi baxımdan əlamətdar idi: biz kimik, ərazimiz haradan-harayadək olub, niyə xanlıqlara parçalanmışıq, Türkmənçay müqaviləsi niyə imzalanıb, AXC niyə 23 ay sonra süqut edib və sairə... Niyə və niyə..? Amma onu da düşünməliyik ki, bu illər ərzində niyə saysız-hesabsız təşkilatlara, kitablara, elmi əsərlərə baxmayaraq, “Cənub mövzusu”nu milli ideologiya kimi ərsəyə gətirmək, “yetişdirmək” mümkün olmayıb. 

***

Bizə bundan sonra yeni qurbanlar olacaq hədəflər əlbəttə, gərək deyil. Erməni işğalı, iki Qarabağ savaşı genefondumuza, demoqrafiyaya ciddi zərbə oldu. Biz indi əhali sayımızı bərpa etmək kimi milli təhlükəsizlik konsepsiyası üzərində düşünməliyik. Bu şüarçılıqla, məsələn, “Vətən üçün artaq, çoxalaq!” deməklə əmələ gələsi iş deyil, bu dövlətin və ailə insitutunun iç-içə həll edəsi, həm də onilliklər tələb edən konsepsiyadır, amma inanın ki, çox mühümdür. Azərbaycanın dostu Türkiyə lideri Ərdoğan ölkəmizə səfərlərin birində bizim əhali üçün “10 milyon azdır” demişdir, bir müddət əvvəl öz ölkəsində də əhali artımından  gileyləndi,  hətta  milli təhlükəsizliyinin təhdid altında olduğunu dedi. Torpaqlarımız  təkcə əkib-biçmək, ev tikmək üçün deyil, həm də sağlam, işğal travmasından uzaq yeni nəsil yetişdirmək üçündür. Biz artmaq potensialımızı gözardı etməməliyik. 

Ölkəmizi zatən istəməyənlərin sayı artıb, ətrafımız bəlli. Yuxarıda “Dərin dövlət” dedim, bu əlbəttə, təşkilat-filan deyil,  Prezident İlham Əliyevdir. Bəllidir ki, dövlətin hədəfləri sıralamasında Qarabağın qurulması indi birinci yerdə gəlir. İlham Əliyevin davranışları buna sübutdur.  İdeoloji olaraq isə Azərbaycanın yönünü İlham Əliyev bir müddət əvvəl belə müəyyənləşdirib. İndi o sitata da diqqət edək: “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, bu təşkilat bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. 

Attachment

Bu gün Macarıstanda TDT-nin qeyri-rəsmi  toplantısı oldu, əhəmiyyətli qərarlar verildi.  Eçin Şıxlının cənub mövzusunu da, türkdilli dövlətlərin təşkilatı ilə bağlı qeydlərini də qəribçiliyə salmaq olmaz. TDT-da problemlər əlbəttə var, hətta bundan sonra olması mümkündür.  Əsas olan hədəfi doğru müəyyənləşdirməkdir. “Cənub”a,  “Qərb”ə, “Şimal”a sovrulmadan, “Dərin dövlət”ə güvənək...   

Nazim SABİRÖĞLU,
Musavat.com          

21.05.2025 21:32
4599