Milli Məclisin üzvləri Rasim Musabəyov və Anar İsgəndərovun Azərbaycanın Gədəbəydə yerləşən Başkənd kəndi ilə bağlı dediklərinə sərt reaksiyalar gəlməyə davam edir. R.Musabəyov bu ərazinin strateji əhəmiyyətinin olmadığını deyib. Özünü tarixçi alim adlandıran həmkarı da Başkəndin Qazax ərazisi olduğunu bildirib. Bir sözlə, rəzalət...
Başkəndin alınmasında göstərdiyi rəşadətə görə 3 dəfə adı milli qəhrəman almağa təqdim olunsa da, həmin vaxt torpaqlarımız işğal altında olduğu üçün bu addan imtina edən, keçmiş döyüşçü, ehtiyatda olan mayor Əmrah Cabbarlı deputatlara xatırlatma kimi Başkəndin azad edildiyi tarixi zamandan danışıb:
“Bu, sadəcə rüsvayçılıqdır. Özü də kimlər deyir. 1992-ci ildə Azərbaycan Televiziyası ilə çıxışım var. Orada Başkəndin ermənilərə verildiyi tarixdən danışmışam.
1929-cu ildə qəbul edilən qərarla kənd ermənilərə verilib. Bu barədə Azərbaycan dövlət orqanlarının heç birinin qərarı olmayıb. Elə bir qərar varsa, Anar İsgəndərov və Rasim Musabəyov mənə göstərsinlər.
Özümü diqqətə gətirməyi heç vaxt istəməmişəm. O vaxt Gədəbəyin icra başçısı olan şəxs 2 dəfə milli qəhrəman adının mənə təqdim olunması barədə sənədi imzalayıb. Bir dəfə də 544 Şınıx sakini imza ataraq prezidentə müraciət ediblər ki, həmin gecə Əmrah Cabbarlı Qaradağ yüksəkliyini saxlaya bilməsəydi, Şınıxda Xocalı faciəsi təkrar oluna bilərdi. Belə bir dövrlərdən keçib gəldik.
İndi də Rasim kimilər çıxıb belə fikirlər irəli sürür. Hər iki deputatın bu fikirlərinə olduqca mənfi yanaşıram. Bu coğrafiyada Ermənistan adında dövlət olmayıb. Biz təkcə Qarabağ ərazilərimizlə kifayətlənmək fikrində deyilik. Allahın köməkliyi ilə Göyçə mahalını, Zəngəzuru, Dərələyəzi geri qaytaracağıq.
Azərbaycan Xalq Cümhuriyyətinin dövründə əlimizdə olan 114 min kvadratkilometr əraziyə sahib çıxmağa çalışacağıq. Sadəcə bu nadanların fikirləri insanı hiddətləndirməyə bilmir. Bolşeviklər dövründə 20 kvadratkilometrdən çox ərazimiz Ermənistana verilib. İndi babası bolşevik olan Rasim kimilər belə deyəcək. Biz həmin ərazilərin geri qaytarılması üçün sona qədər mübarizə aparacağıq.
O vaxt da elə idi. Təsəvvür edin ki, o zaman Dadaş Rzayev korpus komandiri idi. Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi. Amma biz sona qədər dirəndik. Halbuki, əmrə tabe olmama bəhanəsi ilə bizi güllələyə də bilərdilər. İndi onun ağlında olanların çıxıb belə danışmaları əslində təəccüblü deyil”.
Cavanşir ABBASLI
Musavat.com