Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qadınların öldürülməsi ilə bağlı xəbərlərə diqqət çəkib. Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, mətbuatı açırsan, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Deputat qeyd edib ki, elə gün olur Azərbaycanda 7, elə gün olur 2 qadın öldürülür: “Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada “TikTok”un, yeni texnologiyaların rolu var, bu məsələ araşdırılmalıdır. Bu cinayətlər istənilən yerdə - küçədə, konsert salonlarında baş verir. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyaya çıxıb gedir, gəlib birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, 2022-ci ildə cəmi 51 nəfər məişət zorakılığı ilə bağlı hadisələr nəticəsində ölüb: “Bəzən hadisənin daha dəhşətli görünməsinə səbəb onun çox müzakirə olunmasıdır. Ona görə də bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür. Amma elə deyil. Biz zorakılıq törədən kişiləri reabilitasiyaya cəlb etməliyik, onlarla psixoloji olaraq işləməliyik. Bunun üçün belə mərkəzlər yaradılmalıdır. Amma bu vaxt alan prosesdir, biz bunu etməliyik”.
Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmaq istəməməsi problemdir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”nın müzakirəsi zamanı deyib.
"Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaq pulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub", - deputat bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, ödəniş üşün uşaq sayı həddini aşağı endirmək olar:
"Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.