Deputatın təklifinə partiya sədrlərindən REAKSİYA: "Bu, milli maraqlara və Konstitusiyaya ziddir"

Milli Məclisin dekabrın 5-də keçirilən iclasında Azərbaycanda 15 iqtisadi rayon yaradılması, parlamentin adının dəyişdirilməsi təklif edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyini qeyd edib. Deputatın sözlərinə görə, bunu xalq tələb edir. Azərbaycanda bürokratik aparatın siyasi qüvvəyə çevrildiyini diqqətə çatdıran partiya sədri Azərbaycanda 15 iqtisadi rayonun yaradılmasını, Naxçıvan Ali Məclisinin Məclis adlandırılmasını, regionların hər birinin Məclisinin olmasını, bu regionlara rəhbərlərin Məclisdə seçilməsini, Milli Məclisin də adının dəyişdirilərək Ali Məclis adlandırılmasını təklif edib. Bu təkliflərin həyata keçməsi, Q.Həsənquliyevin vurğuladığı kimi, Azərbaycanda bürokratik idarəetməni aradan qaldıra bilərmi? Ümumiyyətlə bu təkliflər reallığa çevrilərsə, hansı faydası olar?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər bildirib ki, Azərbaycanda inzibati ərazi quruluşunun dəyişdirilməsi ideyası yeni deyil. Onun sözlərinə görə, bu, 90-cı illərin əvvəllərində Əbülfəz Elçibəy hakimiyyət dövründə də ciddi müzakirə mövzusu olub. Partiya sədri vurğulayıb ki, inzibati ərazi bölgüsünün iqtisadi rayonlar üzrə, yalnız iqtisadi faktor üzərində aparılması doğru deyil: “Burda iqtisadi faktorla yanaşı, sosial, demokratik, demoqrafik məsələlər, sənaye və kənd təsərrüfatının inkişafı, təhsil səviyyəsi, bir sözlə, bütün parametrlər nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, inzibati ərazi vahidləri arasında bu parametrlər üzrə tam eyniyyət olmasa da bir yaxınlıq olsun. Xüsusilə sosial-iqtisadi inkişaf planlarında inzibati ərazi vahidlərinin tərəqqisinin bir-birinə yaxınlaşdırılması prespektivi nəzərə alınsın. Azərbaycanın inzibati ərazi bölgüsü ilə bağlı tarixi faktorların nəzərə alınması da vacibdir”.

ADP sədri Naxçıvanın muxtariyyət statusunun ləğv edilməsinə tərəfdar olduğunu da diqqətə çatdırıb: “Azərbaycan Respublikasının unitar dövlət olduğunu nəzərə alaraq, 90-cı illərin əvvəllərindən Azərbaycanda hər hansı muxtariyyətin ola bilməyəcəyini, dövlətin daxilində dövlətin mövcudluğunun qeyri-mümkünlüyünü bildirmişəm. O baxımdan Naxçıvan Muxtar Respublikasının ləğvinin tərəfdarı olmuşam. Hazırda da mən o fikirdəyəm. Azərbaycanda heç bir muxtariyyət ola bilməz, Azərbaycan unitar dövlətdir. Əgər Naxçıvanda Məclis saxlanılacaqsa, bu, düzgün olardı ki, Milli Məclisin adı dəyişdirilib Ali Məclis olsun. Çünki Ali Məclis Respublika Məclisi ola bilər. Naxçıvanda Ali Məclisin olması uyğun deyil. Hər bir inzibati ərazi vahidində Məclisin olmasına gəldikdə isə, düşünürəm ki, bu, yalnız Bələdiyyə Məclisi ola bilər. Yerli özünüidarə demokratik islahları aparmaqla genişləndirilməlidir, tam dəyərli bələdiyyələr yaradılmalı, hər bir bələdiyyənin də Məclisi olmalıdır. Hətta böyük şəhərlərdə meriya yaradılmalıdır və Bələdiyyə Məclisləri olmalıdır. Federativ və ya konfederativ dövlətlərdə olduğu kimi, hər bir inzibati ərazi vahidində məclisin yaradılması Azərbaycanın milli maraqlarına və Konstitusiya quruluşuna ziddir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Medianews.az-a açıqlamasında islahatlarla bağlı illərdir söhbət getdiyini, özünün də dəfələrlə dövlət quruculuğunda, idarəetməsində islahatlara dair təkliflər səsləndirdiyini dilə gətirib. Onun qənaətincə, dövlət idarəetməsində islahatlar daha mobil və çevik idarəetməyə, paralelliklərin aradan qalxmasına, müəyyən yerlərdə idarəetmənin asanlaşmasına, ərazilərin dotasiyadan xilas olmasına, hər bir bölgənin potensialından maksimum yararlanmağa xidmət etməlidir: “Bu islahatların fəlsəfəsi yerləşmə, özünü yeniləmə, daha əlçatanlıq, iştirakçılıq və bu məsələlərdə əhalinin daha çox söz sahibi olmasını təmin etməyə xidmət etməlidir. Hesab edirəm ki, icra strukturları yerlərdə hüquqlarını bələdiyyələrə verməklə, artıq fəaliyyətlərini dayandırmalıdır. Məncə Nazirlər Kabineti də artıq strukturdur. Vitse-prezdient institutu varsa və kabinetin bütün səlahiyyətlərini daşıya bilərsə, Nəzirlər Kabineti ləğv oluna bilər. Naxçıvan Muxtar Respublikasında da Ali Məclis və Nazirlər Kabineti ləğv olunmalıdır. Böyük şəhərlərdə merlər seçilə bilər. İndiki halda iqtisadi zonaların  yaradılması prezidentin təşəbbüsüdür. O ideya artıq reallığa çevrilib, iqtisadi zonaların yaradılmasına başlanılıb. Yəqin ki, bu proses davam edəcəkdir. Bu özü də artıq bir çox rayonlarda yersiz qurumların aradan qalxmasına, bölgə idarəetmə sisteminin rahatlaşmasına gətirib çıxaracaq. Şişirdilmiş aparatdan imtina etməyə səbəb olacaqdır”.

Milli Məclisin adının dəyişdirilməsinə gəlincə, MDHP sədri buna ehtiyac duymadığını vurğulayıb. Deyib ki, milli sözü bir etnik səslənmə deyil. F.Quliyevin fikrincə, Milli Məclis ifadəsi uğurlu ifadədir və dəyişdirilməsinə ehtiyac yoxdur: “Bunu təklif edənlər kimin adından təklif edirlər bilmirəm, lakin mənim subyektiv yanaşmam bundan ibarətdir ki, Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur. Bölgədə hər bir iqtisadi zonanın özünün məclisinin olması da doğru deyil. Bu, Azərbaycanın unitar dövlətdən daha çox federal olmasına gətirib çıxara bilər. Həmçinin, bu hal gələcək üçün fəsadlar verə bilər. İqtisadi zonalar var və onların rəhbərləri bu zonaların məclisində seçilsin təklifi də doğru deyil. İqtisadi zonalara prezidentin özünün birbaşa nümayəndələri təyin olunur. Əgər məsuliyyət prezidentdədirsə, hüquqlar da dövlət başçısında olmalıdır idarəetmədə. Əks halda idarəetmədə badalaqla rastlaşmaq olar. Nümayəndələr əgər məclisdə seçilsə, prezidentin o zaman funksiyası nədən ibarət olacaq? O, yerlərdə necə idarəetmə sistemi qura bilər? Ona görə də mən bunun əleyhinəyəm. Hesab edirəm ki, indiki formada olduğu kimi, yəni prezidentin təyinatı ilə  iqtisadi zonaların yaradılması və onlara da rəhbərlərin təyin olunması doğrudur”.

F.Quliyev bildirib ki, əgər islahatların fəlsəfəsi dövlət aparatının kiçildilməsidirsə, regionlarda məclislərin yaradılması artıqdır: “Paralelik aradan qaldırılırsa, məclislərin yaradılması buna zidd bir davranış olar. Məncə bir neçə məsələni həll etməklə, ciddi şəkildə islahatları aparmaq mümkündür. Misal üçün, iştirakçılığın təmin olunması, bələdiyyələrə funksiyaların verilməsi, yerli icra hakimiyyətinin funksiyalarının azaldılması və sair. Yerlərdə əhali seçkilərə maraqlı olur və bu seçkilərdə iştirak etməyə maraq göstərir. İdarə edənlər də yerli əhaliyə daha çox möhtac olur deyə bilərik. Onlar düşünürlər ki, bizi təyin etmirlər, bizi seçirlər. Öz fəaliyyətlərini də buna görə qururlar”.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn isə Medianews.az-a bildirib ki, Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur.  Onun fikrincə, parlamentin indiki adı Ali Məclis adından daha uğurludur: “Milli Məclisdə deputatların islahatlarla bağlı çağırışlar etməsini, bu cür təkliflərlə çıxış etməsini təqdirəlayiq hadisə kimi qiymətləndirirəm. 15 iqtisadi rayonun yaradılması təklifinə gəlincə, hazırda Azərbaycanda iqtisadi rayonlar mövcuddur. Belə iqtisadi rayonların sayının azaldılması və ya çoxaldılması iqtisadi idarəetmə məqsədi ilə baş verə bilər. Yerli özünüidarəetmə məsələsinə gəlincə, yaradılacaq hər hansı inzibati ərazi vahidində səlahiyyətli merlərin seçilməsini, o cümlədən böyük şəhərlərdə azad, ədalətli və demokratik seçki ilə seçilən, çoxpartiyalılığı təmin edən yerli özünüidarəetmə orqanlarının yaradılmasını uğurlu hadisə hesab edirəm. Rəhbərlik etdiyim Azərbaycan Xalq Partiyası tərəfindən də bu yöndə islahatlar tədbiri irəli sürülüb”.

06.12.2023 15:19
1491