Deputatın təklifinə ekspertdən ilginc rəy: “Konservatoriyanı da Şuşaya köçürək... “

 

"Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.


O bildirib ki, Bakı şəhərinin mərkəzində tıxac əsas problemdir:

"Əsas səbəblərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı fəaliyyət göstərir. Şəki o regionun mərkəzi şəhəridir. Pedaqoji Universitetin Şəki filialı tam müstəqil universitet olmağa hazırdır. Gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb.

Xaricdə təhsil şirkətlərin bir üstünlüyü yoxdur” – Kamran Əsədov – "ELÇİ"

Ekspert ilk öncə xatırladıb ki, hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir:

“Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 167 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 130 947 (bakalavr), 11 740 (magistr) nəfər Bakıda təhsil alır. Etiraf edək ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də şəxsi avtomobillərindən istifadə etməsi və ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına səbəb olur. Bəzi universitetlərin paytaxtdan kənara köçürülməsi təkcə tıxac probleminin həlli yox, təhsilin keyfiyyəti üçün də zəruridir.

Təkcə Səməd Vurğun küçəsində orta məktəb, uşaq bağçası, ümumtəhsil məktəbi, xüsusi təhsil sinfi olan məktəblə yanaşı, iki universitet – ADU və BSU yerləşir ki, bu da həmin küçədə tıxac yaranmasını qaçılmaz edir. Buna görə də, bir sıra universitetlərin şəhər ətrafı ərazilərə köçürülməsinə zərurət yaranır”.

Ekspert qeyd edib ki, dünyanın bir çox ölkələrində, o cümlədən də qardaş Türkiyədə universitetlərin böyük əksəriyyəti kampuslarla şəhərdən kənar ərazilərdə yerləşir:

“Yəni, universitetlər kampussuz mümkün deyil. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana, tıxac, digər sosial problemlərlə qarşılaşmır. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məişət məsələlərinə yönəlir. Keyfiyyətli təhsildən danışmaq istəyiriksə, tələbələr üçün əlverişli şərait yaratmalıyıq. O zaman bu məsələlər gec-tez öz həllini tapacaq. Bu, stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər. Dünya ölkələrində dövlət özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayırır. 

Təsəvvür edin, Neft və Səneye Universitetinin, Pedoqoji Universitetin qapıları birbaşa izdihamlı küçəyə açılır. Kiçik bir ərazidə tədrisin hansı elmi-nəzəri, praktiki tərəfini qurmaqdan söhbət gedə bilər? Bu, qeyri-mümkündür. Çünki kiçik bir sahədə normal təcrübə aparmaq mümkün deyil”.

Kamran Əsədovun sözlərinə görə bir sıra konkret universitetlər var ki, onların köçürülməsi mümkündür:

“Məsələn, Şuşa Azərbaycan musiqisinin beşiyi hesab olunur. Nəyə görə, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını Şuşaya köçürməyək? Sumqayıt sənaye şəhərimizdir. Bu istiqamətdə təhsil verən ali məktəbləri buraya köçürmək olar. Qarabağdakı quruculuq işləri tam yekunlaşdıqdan sonra oraya da müəyyən ali təhsil müəssisələri köçürülə, onların filialları açıla bilər”.

Ekspert həmçinin qeyd edib ki, universitetlərin köçürülməsi ilə yerli kadrların sayı artacaq:

“Məsələn, regionda həmin sahənin inkişafı gedəcək, həm də yeni iş yerləri açılacaq. 

Bu gün dünya reytinqlərində Azərbaycan universitetlərinin aşağı səviyyədə olmasından gileylənirik. Amma unuduruq ki, dünya təcrübəsində ali məktəblərin yüksək reytinqə malik olmasının əsas səbəblərindən biri də o universitetlərdə yüksək təhsil alma şəraitinin yaradılmasıdır. Universitetlərin köçürülməsi mütləq həyata keçirilməlidir. Təkcə tıxac məsələsinə görə deyil, həm də keyfiyyətli təhsil üçün əlverişli şərait yaradılmasına görə bu məsələ reallaşdırılmalıdır.

Ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək, artıq xərc kimi ev pulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək səviyyəli təhsil ala biləcəklər.

Çünki bu ali məktəblərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali təhsil ocaqlarının Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu, həm də Bakıərtafı ərazilərin də inkişafına təkan verərdi. Dünya təcrübəsinə baxanda da görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib-gələ bilirlər”.

Xalidə Gəray
Musavat.com 

14.11.2023 15:42
611