Deputatdan Xankəndinin baş meydanı ilə bağlı təklif

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı maraqlı təşəbbüslə çıxış edib.

Musavat.com xəbər verir ki, o, Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması təklifini səsləndirib.

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı söz alan deputat separatçıların uzun illər ərzində məkrli məqsədləri üçün istifadə etdikləri Xankəndinin baş meydanı ilə bağlı sözügedən təklifi səsləndirib.

Deputat qeyd edib ki, bölgədə ciddi proseslər gedir, ölkəmizə qarşı ən yüksək səviyyədə təzyiqlər olsa da, Azərbaycan öz yolu ilə uğurla getməkdədir:

“Atılmış hər bir addım Azərbaycan xalqının iradəsinə söykənir. Keçmiş Dağlıq Qarabağ ərazisində ermənilər Azərbaycan toponimlərini əcaib adlarla dəyişib. Gələcəkdə Siyavuş Novruzovun rəhbəri olduğu komitə - Regional məsələlər komitəsi - bu adları bərpa edəcək. Xankəndinin mərkəzində olan meydanın adının Zəfər meydanı adlandırılması əhəmiyyətli hadisə olardı. Həmçinin Xankəndinin baş meydanında qələbəmizi ifadə edən monumental abidənin yaradılması daha təqdirəlayiq bir yanaşma olar”.

E.Paşasoy,
Musavat.com

05.12.2023 21:12
2389