Deputatdan SƏRT SÖZLƏR: "Bu, böhtan və cəfəngiyyatdır, soruşun, xəbəri varmı..."

Xəbər verdiyimiz kimi, YUNESKO növbəti dəfə Azərbaycanla bağlı təxribatçı bəyanat dərc edib. Bu dəfə onun rəsmiləri Qarabağdakı “tarixi” erməni abidələrinə ziyan vurulması ilə bağlı narahatlıqlarını bildiriblər.

Qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat müsahibəsində “Qarabağdakı xristian abidələrinin 2020-ci ildə baş verən müharibədən ciddi təsirləndiyini və məhv olma təhlükəsi ilə üz-üzə qaldığını” deyib.

Qarabağda yaşayan ermənilərin regionu tərk etməsinə də münasibət bildirən Pikkat bununla bağlı dərin narahatlıq duyduğunu ifadə edib.

YUNESKO rəsmisi Qarabağda yerləşən xristian məbədlərini və abidələrini ümumiləşdirərək, “qədim erməni arxitekturası” kimi qələmə verməyə çalışıb.

"YUNESKO direktorunun Azərbaycanla bağlı söylədikləri başdan-başa cəfəngiyyatdır, uydurmadır və tarixin gerçəkliyi qətiyyən olduğu kimi əks etdirmir".

Bu sözləri Musavat.com-a açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının sərhədləri daxilində mənsubiyyətidən asılı olmayaraq, bütün tarix və mədəniyyət abidələri Azərbaycan dövlətinin sərvətidir və dövlət tarafından qorunur:

"Azərbaycan ərazisində olan İslam, xristian və bütün digər abidələr qanunlarla mühafizə edilir. Bu gün Bakının mərkəzində erməni kilsəsi necə qorunursa, ölkənin bütün ərazisindəki digər abidələrin hamısı dövlətin nəzarəti altındadır.

İkincisi, Azərbaycan işğaldan azad etdiyi ərazilərindəki bütün abidələri bərpa edir. YUNESKO direktorunun söylədikləri başdan-başa məsuliyyətsizlikdir. Azərbaycan dəfələrlə YUNESKO-nu hələ işğal altında olarkən ərazilərə dəvət edib, amma YUNESKO gəlməyib. Torpaqlarımız işğaldan azad olunandan sonra da YUNESKO-nu dəfələrlə dəvət etdi, amma yenə də gəlməkdən imtina edib. YUNESKO-nun direktoru Şuşada təmir olunan kilsəni nədən görmək istəmir?

Üçüncüsü, YUNESKO direktorunun bütün abidələri ümumiləşdirib erməni abidələri kimi qələmə verməsi tarixi savadsızlığının göstəricisidir. İşğaldan azad olunan ərazilərdə digər abidələrlə yanaşı, bərpa olunanlar arasında alban abidələri də var. Albanlar xristianlığı ilk qəbul etmiş xalqlardan biridir.

YUNESKO direktorunun bu cür yanaşması, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutan YUNESKO-nun məqsədlərinə tamamilə ziddir, onu gözdən salmaqdır. Bu şəxs əgər zərrə qədər ədalətli olsaydı, indiki Ermənistan adlanan ərazidə Azərbaycan tarix və mədəniyyət abidələrinin necə məhv edilməsindən də danışardı.

Ondan soruşmaq lazımdır ki, İrəvanın qədim şəhər qala divarları haradadır? Təpəbaşı məhəlləsindən xəbəri varmı?

Beləliklə, YUNESKO direktorunun belə yanaşması beynəlxalq hüquq adına utancdır, ikili standartlardır və belə şəxsin söylədikləri heç bir zaman qəbul edilə bilməz. Çünki böhtan və cəfəngiyyatdan başqa bir şey deyildir".

Xalidə Gəray
Musavat.com

02.11.2024 12:12
1482