Deputat Əli Məsimli Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi ilə bağlı çıxış edərək önəmli məsələlərə toxunub.
Musavat.com-un xəbərinə görə, Ə.Məsimli deyib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili - Obudsmanın 2024-cü ildəki fəaliyyətinə dair məruzəsi yaxşı hazırlanıb, kifayət qədər əhatəli, obyektiv və sistemlidir:
“İnsan hüquqlarına dair kifayət qədər faktoloji materiala və məlumatlara əsaslanır. Ombudsmanın hazırkı reallıqlar şəraitində mümkün olan işlərin xeyli hissəsini görməsi belə bir fikir söyləməyə əsas verir ki, Ombudsmanın məruzəsini müsbət qiymətləndirmək olar. İnsan hüquqlarının qorunması sahəsində gördüyü işlərə görə Səbinə xanıma (Əliyeva - red.) təşəkkür edirəm”.
Əli Məsimli məruzədə həm özünün diqqətini xüsusi çəkən, həm də insanları narahat edən bir neçə məsələyə toxunmaq istədiyini bildirib:
“Birincisi, əvvəlki məruzələrdə olduğu kimi, bu dəfə də məruzədə şəhid ailələrinin və müharibə veteranlarının, hərbi qulluqçuların hüquqlarının qorunması məsələlərinə geniş yer verilməsini çox yüksək qiymətləndiririk. Şəhid ailələrinin mənzil təminatı istiqamətində xeyli iş görülüb.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumən 15 minə yaxın, 44 günlük Vətən müharibəsindən sonra isə 6 min mənzil və fərdi ev təqdim edilib. Bu sahədə növbə gözləyənlərin də məmnunluğuna nail olmaqdan ötrü bu il və növbəti ilin sonuna kimi müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmnatı məsələsinin həllinin tamamlanmasını vacib hesab edirik.
Bununla yanaşı, deputatlara olan müraciətlərə əsasən bildirmək istərdik ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, 20 il xidmətdən sonra Sərhəd Xidməti və daxili qoşunlarda hərbi xidmət keçmiş şəxslərin mənzillə təmin olunma hüququ olsa da, onlara mənzil verilmir, yalnız Azərbaycan ordusunda hərbi xidmət keçən hərbçilərə verilir.
Müvafiq qanunvericiliyə uyğun olaraq, onlar silahlı qüvvələrin tərkib hissəsi hesab olunduğundan, həmin kateqoriyaya aid hərbiçilərimizin də mənzillə təmin olunma hüququnun reallaşması istiqamətində addımların atılmasını vacib hesab edirik. Bu gün bir sıra hallarda təqaüd yaşına çatmağa az qalmış bir dövrdə vətəndaşların vəzifələrindən azad olunmaları faktları ilə qarşılaşırıq. Təbiidir ki, bu da həmin şəxslərin maddi vəziyyətlərinin və ailələrinin sosial durumuna olduqca mənfi təsir göstərməklə yanaşı, onlara ciddi mənəvi zərbə vurur. Hesab edirik ki, bu məsələyə münasibətdə ölçülüb-biçilmiş işlək mexanizmlərin düşünülməsinə və tətbiqinə ehtiyac var”.
Ə.Məsimli vurğulayıb ki, illik məruzənin sonunda Ombudsmanın təklifləri yer alıb:
“Onların sistemli şəkildə reallaşdırılması aid olduğu sahə və istiqamət üzrə hüquqların daha səmərəli reallaşmasınada müsbət rol oynaya bilər. Həmin təkliflərin içərisində “ünvanlı sosial yardım təyin edilərkən istismara yararsız nəqliyyat vasitələrinin nəzərə alınmamasına dair” təklifimizin də yer almasına görə təşəkkür edirik.
Bununla yanaşı, ünvanlı sosial yardım təyin edilərkən vətəndaşın adına olan və istifadə olunmayan kiçik torpaq sahəsinin yox, onun gəlirinin 285 manatlıq ehtiyac meyarından aşağı olması əsas meyar kimi götürülməlidir”.
E.Paşasoy,
Musavat.com