Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bank kreditlərinin faizlərilə bağlı sensasion açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, millət vəkili rayonlarda kreditlərin Bakıya nisbətən 2 dəfə baha olduğunu vurğulayıb.
“Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir”, - V.Bayramov bildirib.
Deputat qeyd edib ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır:
“Bu, xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur. Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır. Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər”.
Milli Məclisin üzvü durumla əlaqədar konkret təkliflərini də irəli sürüb:
“Kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
Musavat.com