“İran parlamenti üzvünün İsrailin Azərbaycandakı səfirliyinə qarşı hücumla bağlı yazdığı fikirlər İranda hakim dairələrin bir çox qismində olan fikirlərin ümumiləşdirilmiş formasıdır. 44 günlük müharibədən başlayaraq bu günə kimi regionda baş verən hadisələrə İranın konkret mövqeyi səsləndirilib. Bu mövqe Azərbaycan-İran münasibətlərinə yaraşmayan mövqedir”.
Bu fikirləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili vurğulayıb ki, bu mövqe Azərbaycanın İrana olan münasibətinə adekvat deyil:
“Bu, dost mövqeyi deyil. Buna görə də hər hansı ekstremal vəziyyətdə belə təxribatçı sindromlar ortaya çıxır. Real təhdid ola bilər. Əgər İran öz ölkəsində Azərbaycanın səfirliyinə qarşı terror törədə bilirsə, bu günə qədər də günahkar cəzalandırılmayıbsa, əlbəttə ki, Azərbaycan ərazisində də buna cəhd edə bilər. Azərbaycan hüquq-mühafizə orqanları ayıq-sayıqdır, Azərbaycanda akkreditasiya olunmuş hər bir ölkənin rəsmi nümayəndəliyini qorumaqda mükəlləfdir. Təəssüf ki, İranda ictimai rəyin Azərbaycana qarşı radikal sindromlarının təzahür formaları eybəcər şəkildədir. İsrailin bir çox ölkədə səfirliyi, konsulluğu var. Nəyə görəsə radikal, təxribatçı deputat məhz “Azərbaycandakı səfirlikdə terror törətmək lazımdır” deyir. Düşünürəm ki, İranın sülhün əldə olunmaması ilə bağlı göstərdiyi səylərinin, Zəngəzur dəhlizinin açılmasına münasibətinin mənbəyi də fars şovinizmi ilə əlaqələndirilməlidir. Bu isə İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir”.
Nigar HƏSƏNLİ,
Musavat.com