Cəmiyyətdə adətən “Həci”, “Hacı” titullarını səsləndirən zaman çoxları bu sözləri istehza ilə qarşılayır. Əksər insanlar bu sözü hansısa qadın müğənninin himayədarı, “sponsoru” kimi başa düşür. Bəs onlar niyə bu cür tanınır? Hacıların bu işdə hansısa günahı, məsuliyyəti var?
Musavat.com xəbər verir ki, millət vəkili Fazil Mustafa “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Onlar başqa necə tanınmalıdır? Ümumiyyətlə “hacı, həci” adları başqa cəmiyyətlərdə belə populyar deyil. Təkcə orta əsrin feodal dövrünü yaşayan İranda, bir də bizdə, feodalizmin qalıntısını daşıyan Azərbaycanda müəyyən ünsürlər bunu canlandırırlar. Çünki normal və modern bir cəmiyyətdə bu adın işlədilməsinin, açığı, bir mənası yoxdur. Həcca getmək bir ziyarətdir. İnsanlar inancına görə bu yerə gedir. Bu adı anlamadan hallandırmaq sui-istifadə etmək mənasına gəlir. Hacı titulunu məsxərəyə salmaq ölkədə geniş yayılıb. Təkcə bu ad yox, ümumiyyətlə, Məşədi, Kərbəlayi və s. bu adı daşıyanların hamısının arxasında öz səmimi inancı yox, özünü tanıtmaq, reklam etmək, cəmiyyətdə mötəbər insan olaraq qəbul etdirmək ənənəsi dayanır. Bu tarix boyu belə olub. 200-300 il əvvəl də belə idi, indi də belədir. Səmimi müsəlmanlar öz inanclarını bu adlar üzərindən həyata keçirmir. Onlar ziyarətlərini edərək, ölkəyə qayıdırlar. Yoxsa bir adın arxasında özlərini, şəxsiyyətini gizlətmirlər. İndi bəziləri etibarlılığını artırmaq üçün bu adlardan istifadə edir”. turbo az mercedes
Deputat son vaxtlar isə məhşurlar arasında hacı sözünün lağlağı mövzusuna çevrildiyini də vurğulayıb:
“Bu da onu göstərir ki, Azərbaycan cəmiyyətində ümumiyyətlə bu adın daşınmasında bir çoxları üçün şöhrət, saxtakarlıq amili önə çəkilir. Heç Ərəbistanın özündə insanlar bir-birinə hacı demir. Bunlar bəs haradan o adları tapıblar? Ona görə də belə titullar hamısı bizim bir çox ziyarətgah, nəzir yerləri kimi süni bir format əsasında müəyyən olunub. Savadsız, cahil, nadan, xurafatçı, mövhumatçı insanlar üçün bir inanc yerinə çevrilib. Xurafat virusunu daşıyan insanlar nə qədər mövcud olacaqsa, bu cür adlarla da onları aldatmaq davam edəcək. Ona görə də sözügedən məsələdə təəccüblü heç nə yoxdur. Allaha, İslama, Məhəmmədə və onun dininə bağlılıqla, bütün bunların heç bir əlaqəsi ola bilməz. Peyğəmbəri Məhəmməd olan dində onun davranışı, insanlara mesajı tamamilə fərqlənir. Bəs bu insanlar dedikləri dini haradan uydurublar? Ona görə də, bu simvolik adlar özü insanı düşünməyə vadar edir.
Ermənistana dəstək verən Fransanın silahları İranın Merac şirkəti vasitəsilə həmin ölkəyə daşınır. Merac isə peyğəmbərin adı ilə simvollaşdırılan bir dəyər kimi qəbul olunur. Bu dəyəri necə hörmətdən salmaq olar? Bunun adını İslam simvollarından qoyublar. Müsəlman heç Merac adını qoyar? Heç olmasa Vartan adlandırardılar. Erməniləri belə çox sevirlərsə, Qaragen adını qoysunlar. İslamı, dini bu qədər ələ salmaq biabırçı görüntüdür. Təəssüf ki, cəmiyyətimizdə insanların bu məsələdə savadsızlığı imkan verir ki, bu cür ünsirlər geniş yayılsın və səlahiyyətli şəxslərin bunun qarşısını almağa marağı yoxdur. Maarifləndirici iş çox aşağı səviyyədədir. Ümumiyyətlə dini maarifçilik sahəsində dini və ictimai qurumların fəaliyyəti arzu olunan səviyyədə deyil. Ona görə də insanlar bu cahilliyi davam etdirir”.