Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib, bir sıra vacib məqamlara toxunub.
Musavat.com komitə sədrinin çıxışını qısa ixtisarla təqdim edir:
“Hörmətli sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri, 2022-ci ilin Dövlət Büdcəsinin icrası haqqında olan Qanun layihəsini dəstəkləyəcəyik. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan işləri yaxından izləyirik. Özəlliklə işğaldan azad olunmuş torpaqlarımızda bərpa istiqaməti üzrə aparılan işlər hamımızı çox məmnun edir və bu istiqamətdə aparılan işlərdə yeni uğurlar arzu edirik.
Cənab Prezidentin Cümhuriyyətimizin 105-ci ildönümündə, illərdir Laçına qayıda bilməyən vətəndaşlarımızla görüşü, orda görülən işlər və verilən ismarıclar harda doğulub, yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının böyük sevinc hissi ilə qarşıladığı bir hadisə idi. İnanırıq ki, bu layihələr, bu işlər qarşı dönəmdə də sürətlə davam edəcək.
Bəzi məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. İstəyərdim ki, bu mövzulara daha çox aydınlıq gətirəydilər.
Birincisi, şəhid və qazi ailələrinin işlə təmin olunması məsələsidir.
2022-ci ildə bir çox şəhid ailələri və qazilərimiz bölgələrdə işlə təmin olundu. Nə qədər insan işlə təmin oluna bildi, nə qədəri təmin oluna bilmədi. – Bunun səbəbləri nədir? İş təminatı ilə bağlı çatışmazlıqları aradan qaldırılması üçün hansı işlər görüldü? Bu sualların açıqlanmasına ehtiyac var. Müraciət edənlərin içərisində şəhid ailələri və qazilərin işlə təmin olunma məsələsində hələ də ciddi problemlər var. Bu məsələ cənab Prezidentin, hörmətli Mehriban xanımın xüsusi diqqətində və nəzarətindədir. Ona görə də, bu məsələ ilə bağlı daha çox addımların atılmasına ehtiyac var.
İkinci məsələ müharibədə iştirak edib qazilik statusu almayanların məsələsidir. Əlillik statusu sağlamlıq dərəcəsinin itirilməsi ilə bağlıdır, amma elə müharibə iştirakçıları var ki, səhhətində ciddi problemlər var və onlar ardıcıl olaraq dərman müalicəsi alır. Amma dərmanlarla təmin olunmurlar. Biz bu məsələni öncə də qaldırmışdıq və xahiş etmişdik ki, baxılsın.
Digər məsələ isə bundan ibarətdir ki, bəzi məsələlərdə bu ailələrə individual yanaşılmalıdır.
Bizim şəhid olmuş ən yüksək rütbəli hərbi həkim şəhidimiz – polkovnik-leytenant Rasim Abdullayevdir. Onun ailəsi bizə müraciət edib. Çox az müddət qalmışdı ki, Rasim Abdullayev hərbçi kimi o imtiyazdan yararlanıb ev alsın. Şəhid olduğuna görə bu imtiyazdan yararlana bilməyib. İndi şəhidin ailəsinə deyirlər, Kəlbəcərdə ev tikiləndə sizə ev veriləcək. Şəhidin övladı evlənməlidir. Qeydiyyatı Kəlbəcərə deyil. Axı bu ikitərəfli imtiyazından da istifadə etməli idi. Kəlbəcərdəki mənzil onsuz da onun haqqıdır. Bir şəhid ailəsi və hərbiçi kimi bu imtiyazdan istifadə etməlidir. Ümumiyyətlə bu kimi ailələrə individual yanaşılmasına ehtiyac var.
Nəhayət, sonda başqa bir məsələ barədə də qısa fikrimi bildirim.
Bu gün - 31 may Ümumdünya tütünlə mübarizə günüdür. Biz bununla bağlı Milli Məclisdə qanun qəbul etmişik. Çox təəssüf ki, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması, məktəbəyaxın ərazilərdə bu məhsulların satışının qadağan edilməsi, reklamla və məhdudiyyətlərlə bağlı heç bir ciddi addım yoxdur. Çox istəyərdim ki, bu barədə də danışılsın. Danışılsın ki, 2022-ci ildə bu yöndə nə kimi işlər görülüb. Bu bizim övladlarımızın gələcəyidir. Çox xahiş edirəm, bu mövzu diqqətdə olsun".