Deputat: "Mina təmizləyən zaman həlak olanlara şəhid statusu verilsin"

Milli Məclisdə “Minatəmizləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

Musavat.com-un məlumatına görə, deputat Razi Nurullayev çıxışında bildirib ki, minatəmizləyənlər müqəddəs işlə məşğuldur:

“Mən öz adımdan, rəhbərlik etdiyim Milli Cəbhə Partiyası adından ANAMA rəhbəri hörmətli Vüqar Süleymanova, ANAMA-nın bütün rəhbər heyətinə, bütün işçilərinə və minatəmizlyənlərə ürəkdən təşəkkür edirəm. Onlar həqiqətən mənim üçün çox əzizdirlər. Bütün məqamlarda da onlara olan dərin hörmətimi və gördükləri fəaliyyətdən dolayı xoş münasibətimi hər zaman göstərməyə çalışmışam. Onlar həyatlarını təhlükəyə ataraq minaları təmizləyir. Bir dəfə çıxışımda artıq qeyd etmişdim ki, mina təmizləyən zaman həlak olanlara şəhid statusu verilsin. Bu məsələ kifayət qədər qaldırılıb, amma, baxıram ki, qanuna salınmayıb. Belə məsələhət olubsa, mən də bu məsələni uzatmaq istəməzdim. Amma, şəhidlik statusu verilsəydi, çox ədalətli olardı. Cəmi bir nəfər - İsayev Raqif Deputat oğlu mina təmizləyən zaman həyatını itirib. Rəqəm çox kiçikdir. Bu məsələ niyə müsbət həllini tapmasın? Əgər bu mümkün deyilsə, təklif edirəm ki, minatəmizləyənlərin sosial durumunun yaxşılaşdırılması üçün daha geniş addımlar atılsın. Çünki, hələ minalar çoxdur və bu sahədə həvəsləndirməyə, qayğıya ehtiyac var”.

R.Nurullayev şəhidlik statusunun təminatı, yaxud ona bərabər tutulan maddi imkanların yaradılması ilə bağlı məsələlərə diqqət çəkib:

“Bu günə qədər minatəmizləmə əməliyyatı zamanı 11 nəfər xəsarət alıb. Bu rəqəm də o qədər böyük deyil və büdcə üçün əlavə böyük yük yaratmır. Amma, sosial-mənəvi cəhətdən cəmiyyətə və həyatını qurban vermək istəyənlər üçün ciddi stimuldur. Onların da övladları var, arzuları var, körpələrinin gələcəyi var. Ən azından onların övladları və yaxınları ilə bağlı bir sosial yanaşmanın olmasını vacib hal kimi hesab edirəm”.

E.Paşasoy,
Musavat.com

22.10.2024 13:45
342