Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov Azərbaycanın uğurlarını həzm edə bilməyən marjinal siyasi qruplara və bəzi xarici dairələrə ünvanlı fikirlərini səsləndirib.
O bildirib ki, ölkəmiz Qafqazın aparıcı ölkəsi olaraq regional və bir sıra qlobal məsələlərə töhvə verməkdədir: “Son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü il ilə müqayisədə Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə artıb. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 72 milyard dollardır. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dollardan az idi. Ötən il bu rəqəm 70 milyard dollara çatıb”.
Vüqar Bayramov bildirib ki, bu gün əldə etdiyimiz uğurlar, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi Ümummilli liderimizdir: “Qarabağı, Füzulini, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezidentin idarəçiliyinin yetirmələridir”.
Onun sözlərin görə, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı: “O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü”.
E.Paşasoy,
Musavat.com