Hərbçilərin pensiya yaşının artırılması ilə bağlı məsələ müzakirələrə səbəb olub. Əksəriyyət “Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında ediləcək dəyişikliklərlə bağlı narazılığını bildirir.
Musavat.com xəbər verir ki, millət vəkili Vüqar Bayramov bu dəyişikliklərin hərbiçilərin pensiya məbləğinə necə təsir göstərəcəyini bu cür izah edib:
"Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək.
Hərbçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmı? Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir".
Millət vəkili bu dəyişikliklərin yalnız hərbiçi və hərbi statuslu vətəndaşlara şamil olunduğunu vurğulayıb:
"Bu dəyişikliklər polislərə şamil olunmayacaq. Onlar mövcud qaydalar ilə pensiyaya çıxmaq hüququnu saxlayırlar. Sadəcə, dəyişiklik polis sistemində hərbi status ilə çalışanlara adi ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək".
Xalidə Gəray,
Musavat.com