Deputat hakimlərə müraciət etdi

Deputat Razi Nurullayev Milli Məclisin iclasındakı çıxışı zamanı əvvəlcə Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova ədalət tərəzisini düzgün qurduğuna və hər zaman ədalətli mövqeyinə görə təşəkkür etdi.

“Məhz, ədalətli yanaşmalar, vətəndaşlara doğru-düzgün münasibət hüquq sisteminə və məhkəmələrə inam yaradır. Məhkəmələrdə ciddi müsbət dəyişikliklər gedib və getməkdədir. Bununla bərabər, müşahidə etdiyim bəzi məqamları da demək istəyirəm ki, ədalət tərəzisinin nizamı heç zaman pozulmasın”, - deputat bildirdi.

R.Nurullayev əlavə etdi ki, bunun üzərində çox işləmək tələb olunur:

“Birinci növbədə şəxsiyyətin təhqir olunması ilə bağlı məsələlərdə qanunun tələb etdiyi formada barışmaz olmağınız xahiş edirəm. Çünki, şəxsiyyətin təhqir olunması cəmiyyətin əsaslarını sarsıdır və bütövlükdə cəmiyyətə elə mənəvi ziyan vurur ki, bu bütün sahələrin axsamasına səbəb olur. Bu məcrada Tərtər rayon məhkəməsinin sədri Tahir müəllim Qubadova da ədalət tərəzəsini düzgün çəkdiyinə görə təşəkkürümü bildirirəm. Şəxsiyyətin təhqir olunmasına göz yummaq olmaz, güzəşt etmək olmaz. Onun üçün də məhkəmə işlərində şəxsiyyətin yanında dayanmağınızı istərdim. Digər məsələlər barədə Vətəndaşlarla dövlət orqanları arasında çəkişmələr olur və son statistikaya baxanda görürük ki, dövlət orqanları həmin mübahisələri və çəkişmələri əksəriyyət olaraq udur. Çünki, onların hərtərəfli imkanları var. Arzumdur ki, əziz hakimlər, siz bu məsələlərdə haqsız tərəfin yanında yox, sizdən tam həqiqəti üzə çıxarmağı gözləyən tərəfin yanında olasınız. Bu məsələlər barədə hakimlərlə söhbətlərimiz olub. İşlər çoxdur deyə, bir hakim bir gündə 4-5 işə baxmalı olur və fiziki cəhətdən tab gətirə bilmir. Məhz, bu sıxlıq işlərin tam araşdırılmasında maneçilik yaradır və bəzən onun da fonunda günahsız birinin dəmir barmaqlıqlar arasına düşməsinə səbəb oluruq. Əlavə olaraq qeyd etmək istəyirəm ki, ibtidai istintaqın aparılması məsələlərinə ciddi yanaşmanızı rica edirəm, o hissənin araşdırlmasına diqqət yetirin”. Deputat daxil olan müraciət və şikayətlərə istinad edərək bu instansiyada olan çatışmazlıqların olduğunu vurğuladı: “Yenə bu da vaxt azlığına bağlı məsələdir. Amma, istənilən halda nə olub olub-olmamasından asılı olmayaraq vətəndaş məmuniyyəti vacibdir. Sonuncu xahişim isə budur. Hüquqda “vicdanlı alıcı” termini var. Əgər “vicdanlı alıcı” zərər çəkirsə və məhkəmələrdə haqqını ala bilmirsə, mən bunu ciddi narahatlıq kimi qəbul edirəm. Sizdən xahiş edirəm ki, onillər boyu əlinin qabarı və alnının təri ilə topladığı pulla mənzil alıb aldadılmış, dələduzluğa uğramış vətəndaşların yanında olun”.

E.Paşasoy,
Musavat.com

08.10.2024 13:44
290