Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə media-tur təşkil edib.
Musavat.com xəbər verir ki, media nümayəndələrini DSX-nin Sahil Mühafizə rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.
Öncə DSX-nin Sahil Mühafizəsi rəisi, media nümayəndələri xidmət ərazisində şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir dəyirmi masa arxasında davam edib.
General-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə media nümayəndələrinə ümumi məlumat verib:
"Azərbaycan müstəqillik əldə etdikdən sonra Xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan iqtisadiyyatının, xüsusi ilə neft sənayesinin sürətli inkişafı dəniz sərhədlərimizin etibarlı mühafizəsini zəruri etdi. Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədi ilə 1992-ci ilin oktyabrında Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq 1992-ci ilin 21 noyabrında Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası milli sərhədçilərimizin ixtiyarına verildi. Lakin gəmilər, silah-sursat, avtomobil və digər texnika ölkəmizdən çıxarılaraq Həştərxana aparıldı. Azərbaycanda isə iki ədəd xidmətə yararsız gəmi qalmışdı. Dəniz sərhədlərimizin mühafizəsinin inkişafında əsaslı dönüş Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş tutdu.
Onun milli sərhəd strategiyasını uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində xidmət sahəmiz yeni mərhələyə qədəm qoydu. 2005-ci ilin 18 fevralında sərhəd gözətçi gəmilər dəstəsinin əsasında sahil mühafizəsinin yaranmasına dair fərman imzaladı. Bununla da Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı. Prezident İlham Əliyev DSX-nin sahil mühafizəsinə 8 dəfə səfər edib. Sahil mühafizəsinin açılış bazasında şəxsən iştirak edib.
18 iyul 2014-cü ildə sahil mühafizəsinin bazasında gəmilərin inşa olunması üçün gəmilərin inşası və təmiri mərkəzi inşa olundu. Bu mərkəzdə 2014-2019-cu illər ərzində 12 gəmi inşa olunaraq sahil mühafizəsinin balansına verildi. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində nəzarətin gücləndirilməsi, dəniz sərhədinin neft-qaz platformalarının və boru kəmərlərinin etibarlı mühafizəsinin təmin olunmasında mühüm rol oynadı. Beynəlxalq təcrübədən istifadə etməklə Xəzərdə sərhəd mühafizə sisteminin formalaşdırılmasında görülmüş işlər nəticəsində peşəkar heyət komplektləşdirildi".
Daha sonra media nümayəndələri DSX-nin Sahil Mühafizə Baş Komanda İdarəetmə Mərkəzində olub. Media nümayəndələrinə Xəzərdə üzən, qayda pozan, GPS və radar sistemlərini bilməyərəkdən və ya qəsdən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib.
General-leytenant Müzəffər Pirizadə:
"Sahilboyu ərazilərdə ərazi sularını nəzarətdə saxlamaq üçün radar texniki müşahidə məntəqələri quraşdırılıb. Son illərə kimi sahil mühafizəsinin balansında 9 radar var idisə, 3 ildir ki, onların sayı artıq 18-ə çatıb. Müdafiə Nazirliyinin hərbi dəniz qüvvələrinin 4 radarı, BP şirkətinin isə 1 radarının görüntüləri mərkəzə daxil olur. Burada əyləşən sərhədçilərimiz Azərbaycanın ərazi sularına daxil olan və tanınmayan hədəfləri müşahidə edir və yaxud təyin olunmamış yerdən respublikamızın sahilboyu ərazisindən icazəsiz dənizə çıxan üzmə vasitələrini məhz buradan təsbit edirlər. Alınmış məlumatlar dərhal fəaliyyətdə olan orqan və bölmələrə çatdırılır. Bununla da Xəzərin Azərbaycana aid olan sektorunda, xüsusən ərazi sularımızda sərhəd axtarışına başlayırıq. Məlumatlar təkcə texniki müşahidə məntəqələrindən deyil, reyd və qarşılıqlı fəaliyyətdə olduğumuz orqanlardan da əldə edilir. Bunların hamısı təhlil olunduqdan sonra dövlət sərhədinin mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir".
Eyni zamanda, jurnalistlər burada Dəniz Muzeyini ziyarət edib, eksponatlarla tanış olublar. Həmçinin media nümaydələri Təlim-Tədris Mərkəzində olub, tədris prosesini izləyib.
DSX-nin Sahil Mühafizəsi rəisi tədris olunan fənlər, metodika, eləcə də tədris zamanı istifadə olunan texnika və avadanlıqlar barəsində məlumat verib.
Daha sonra media nümayəndələrinin DSX-nin sahil mühafizə gəmiləri ilə dənizə səfəri baş tutub. Burada sahil mühafizə gəmiləri manevrlərlə müvafiq tapşırıqlar icra ediblər.
Daha sonra "Şahdəniz" yatağının ərazisinə səfər edilib. Burada yerləşən neft-qaz platformalarına vizual baxış keçirilib. Bildirilib ki, Sahil Mühafizəsi Xəzər dənizində Azərbaycan Respublikasına mənsub neft-qaz infrastrukturunun mühafizə və müdafiəsini etibarlı şəkildə təşkil edir, təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə həyata keçirir.
Səfər zamanı Sahil Mühafizəsinin müvafiq şöbəsinin rəis müavini, lll dərəcəli kapitan Əliyar Məmmədzadə jurnalistlərə bildirib ki, hazırda üzərində durduğumuz gəmi Sahil Mühafizəsinin ll dərəcəli "Tufan" gəmisidir:
“Gəmi Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında DSX-nin Sahil Mühafizəsi bazasında Gəmi inşası və təmiri zavodunda hazırlanıb. 15 dekabr 2015-ci ildə istifadəyə verilərək suya buraxılıb. Gəmi qarşıya qoyulan tapşırıqları yüksək manevr qabiliyyəti və dözümlülük hesabına tez bir zamanda yerinə yetirmək bacarığına malikdir, həmçinin son texnoloji avadanlıqlarla təmin olunub. Gəmi ən son aşkaretmə qurğuları, rabitə cihazları, artirelliya raket sistemi ilə təchiz edilib”.
Daha sonra isə şərti atış həyata keçirilib:
DSX-nin Sahil Mühafizəsinin "Tufan" tipli gəmisində atəşin uzaqdan idarə edilməsi sistemi ilə tanışlıq olub.
Sonda jurnalistlər gəmidə nahar edib və gəmi həyatı ilə yaxından tanış olublar.
Şahanə Rəhimli
Musavat.com