“Dəmir günbəz”də “dəlik” var iddiası - hərbi ekspert elə şey dedi ki...

“Azərbaycan çox az dövlətlərdəndir ki, öz hava məkanını qorumaq üçün ciddi addımlar atıb və bunu təkmilləşdirir 

“İdeal hava hücumundan müdafiə sistemi yoxdur. İsrail ”Dəmir günbəz" və ya “Hetz 3" kimi son dərəcə inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməkdə uğur qazanıb. Lakin əraziyə uyğun, alçaq hündürlükdə, az görünən pilotsuz təyyarələr İsrailin hava hücumundan müdafiə sistemlərində ”dəliklər" tapmaq və müəyyən şərtlər altında zərbələr endirmək qabiliyyətinə malikdir. Düşünürəm ki, buna görə İsrail (İranın - red.) bir neçə zərbəsini qaçırıb və raketləri vura bilməyib".

Bu sözləri rusiyalı tanınmış hərbi analitik və təhlilçi İqor Korotçenko deyib (Axar.az).

Onun fikrincə, “Hizbullah”ın İsrailin Binyamindəki hərbi bazasına “Mirsad-1" PUA ilə uğurlu hücumu İsrailin hava hücumundan müdafiə sistemindəki boşluqların nəticəsidir: ”Hücum və müdafiə vasitələri arasında həmişə rəqabət var. Buna görə də İran və onun regiondakı etibar etdiyi qüvvələr son dərəcə aşağı hündürlüklərdə uçan və radarla aşkarlanması çətin və ya qeyri-mümkün olan kamikadze pilotsuz təyyarələrin istehsalına diqqət edirlər".

İsrail Ukraynaya "Dəmir gümbəz" verməyəcək - Səbəbi açıqlandı -  GlobalInfo.az

Azərbaycanın arsenalında da “Dəmir günbəz”in olduğu sirr deyil. Bu mənada Korotçenko haqlımı? Hava məkanımız, strateji obyektlərimiz, o sırada neft-qaz yataqlarımız və boru xətlərimiz, Mingəçevir SES son vaxtlar sürətlə silahlanan, sülh müqaviləsindən yayınan Ermənistanın mümkün raket zərbələrindən nə dərəcədə etibarlı qorunur? Başqa hansı sistemlərimiz var?

Səxavət Məmməd – Yeni Çağ Media

 Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, müasir müharibələr hava hücumundan müdafiə sistemlərinin önəmini ortaya qoyur: “Rusiya-Ukrayna müharibəsinə diqqət edərkən Ukrayna tərəfinin ən çox əziyyət çəkdiyi sahə məhz hava hücumundan müdafiə sahəsidir. Ukraynanın Qərbdən də ən çox istədiyi məhz hava hücumundan müdafiə sistemləridir. 44 günlük müharibə zamanı Azərbaycan ordusu öncə qarşı tərəfin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağa fokuslandı, bunu tam həyata keçirəndən sonra aviasiyanın, PUA-ların hücumu inkişaf etdirildi.

İsrailin "DƏMİR GÜMBƏZ"-i Azərbaycanda: "İsgəndər"ə sipər - Ermənilər  TƏŞVİŞ İÇİNDƏ

İranın İsrailə ilk hücumu (13-14 aprel) zamanı İsrail, ABŞ hava hücumundan müdafiə vasitələri hücumun qarşısını almağa çalışdı. İlk hücumda maddi baxımdan İsrail və müttəfiqlərinə baha başa gəlsə də, xüsusilə dronların böyük hissəsi sıradan çıxarıla bildi. İkinci hücumda isə hava hücumundan müdafiə sistemləri ilə məşhur olan İsrail İran raketlərinin qarşısında aciz qaldı. Hava hücumundan müdafiə sistemlərinin iki böyük problemi var. Birincisi, bu sistemlər son dərəcə bahalıdır. Hətta bu sistemlərin raketləri bəzən zərərsizləşdirməli olduqları raketlərdən iki dəfə bahalı olur. Ona görə də, dövlətlər bəzən gələn raketin dağıdıcılığını hesablayır və istifadə edəcəyi təqdirdə nə qədər ziyana, etməyəcəyi təqdirdə nə qədər ziyana düşəcəyini hesablamalı olur. İkinci məsələ isə dünyanın ən keyfiyyətli hava hücumundan müdafiə sistemləri kütləvilik qarşısında acizdir. Çünki bir qurğuda olan raketlərin sayı, onların nə qədər hədəf izləmə və nə qədərini sıradan çıxaracağı məlumdur. Kütləvi raket zərbələri zamanı hava hücumundan müdafiə sistemləri yalnız vura biləcəyi qədərini zərərsizləşdirir, yerdə qalanları isə hədəfə düşür".

Hərbi ekspert ölkəmizin hava məkanının necə qorunmasından da söz açdı: “Azərbaycana gəldikdə Azərbaycanın hava məkanı həm İsrail, həm Rusiya, həm Rusiya Belarus ortaq sistemləri, həm də SSRİ-dən qalma sistemlərlə qorunur. Azərbaycanın Arrow 3, Dəmir Qübbə, Barak 8, S-300 Favorit, S-200 Veqa, 9K33 Osa və digər hava hücumundan müdafiə sistemləri var. 44 günlük müharibə zamanı Ermənistan ordusu Mingəçevir SES-ə və bir sıra mühüm obyektlərə zərbələr endirmək istədi. Ancaq Azərbaycanın hava hücumundan müdafiə sistemləri bunun qarşısını ala bildi.

Düşünürəm ki, indiki məqamda Azərbaycan Ermənistanla müharibəyə girərsə, Azərbaycan yenə də mühüm obyektlərini qoruya bilər. Çünki Ermənistanın kütləvi raket zərbəsi endirmək imkanları yoxdur. Kütləvi raket zərbələri üçün qurğulara ehtiyac var. Ermənistanda isə bu qurğuların sayı çox azdır. Azərbaycan tərəfi bunu da hesabayıb. Azərbaycan tərəfi düşünür ki, Ermənistan lap bir obyektə eyni vaxtda əlindən olan bütün vasitələrdən istifadəyə qərar verdi, ona görə də, həmin obyektlərin qorunması mərhələli şəkildə həyata keçiriləcək. Yəni uzaqda vurula biləcək hədəflər uzaqda, yaxındakılar isə yaxında vurulacaq. Hesab edirəm ki, nəzəri baxımdan Ermənistanla müharibə baş verərsə belə, Azərbaycanın hava məkanı istənilən formada qoruna biləcək. Bəzən İranla da müqayisə aparanları görürük, bu cür müqayisələr yersizdir. İran son hücumunu bir mərkəzdən və eyni vaxtda 181 raketlə həyata keçirmişdi. Bu o deməkdir ki, təkcə Təbriz ətrafında İranın minimum 181 raket qurğusu var. Heç bir ölkənin hava məkanı mükəmməl qorunmur, qoruna da bilməz. Ancaq Azərbaycan çox az dövlətlərdəndir ki, öz hava məkanını qorumaq üçün ciddi addımlar atıb və bunu təkmilləşdirir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

19.10.2024 09:35
618