"Dəmir gümbəz"i keçən İran raketləri İsrail ərazilərinə belə düşdü - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək. "The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.

İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Fars agentliyi yazır ki, İran raketlərinin ən azı 80%-i İsrailin hava hücumundan müdafiə sistemlərinə nüfuz edə bilib və yəhudi dövlətinin ərazisindəki hədəfləri vurub. Agentlik iddia edir ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır. İsrailə qarşı raket atışları eyni vaxtda İran və Livandan həyata keçirilib. “Reuters” xəbər verir ki, atışma İranın ali dini lideri Ayətullah Əli Xamneyinin göstərişi ilə baş tutur.
İranın İLNA xəbər agentliyi isə İran İsrailə hücumun ikinci dalğasına başladığını yazır.

“İsmail Haniyə, Seyid Həsən Nəsrullah və Abbas Nilforuşanın qətlinə cavab olaraq biz sionist işğalçı qurumun tam ürəyinə zərbə vurduq. Əgər İsrail cavab versə, biz onlara min qat daha çox zərbə vuracağıq”, - İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatında deyilir.

ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı müdafiədə İsrailə dəstək verməyi əmr edib. “The New York Times” həmçinin xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri ilə telefon danışığında ABŞ-ın İran və İranın dəstəklədiyi terror təşkilatlarının təhdidləri qarşısında Amerika personalını, müttəfiqlərini və tərəfdaşlarını qorumağa hazır olduğunu açıqlayıb. İsrail mediası Livandan kütləvi raket buraxılışının edildiyini yazır.

@@TVmusavat/97192@@

Şahanə Rəhimli
Musavat.com

01.10.2024 23:17
2168