Müğənni İlkin Əhmədovun anası və nənəsi dəm qazından boğularaq vəfat ediblər. Faciəvi hadisə fevralın 26-da qeydə alınıb.
“Səhər çox ağır xəbərlə açıldı... İnsan üçün anadan, nənədən əziz kim var ki? Dostumuz, illərdir tanıdığım müğənni İlkin Fuad oğlu Əhmədov (04.03.1987) bir gecədə həm anasını, həm də nənəsini itirdi. Dəm qazı yenə can aldı. Bir ailənin faciəsi yaşandı bu gecə. Hərçənd, 26 fevral İlkinin heç vaxt unutmadığı bir tarix idi. Doğmalarının ölümü isə bu tarixi onun yaddaşına ömürlük həkk etdi. Ən ağrılısı odur ki, müğənni doğmalarını xilas etməyə əvvəlcə özü cəhd edib. Təcili yardım da çağırıb. Amma buzlu küçələr mane olub hər şeyə. Qisməti, alın yazısı belə oldu bu gözəl insanların. Çox ağır itkidir. İnsan nə deyəcəyini, necə təsəlli verəcəyini bilmir. Başın sağ olsun, İlkin ... Allah doğmalarının yerini cənnət eləsin. Allah səbrini versin! Yeri behişt olsun! Ruhu şad olsun! Məkanı cənnət olsun!” –Hacı Nuran belə yazıb. Gəncə şəhərində də bir gündə iki nəfər dəm qazından zəhərlənib. Zəhərlənmə faktlarından biri "Yeni Gəncə" yaşayış massivində qeydə alınıb. 1994-cü il təvəllüdlü H. Qulamova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha bir analoji fakt "Avtozavod" yaşayış massivində baş verib. 1991-ci il təvəllüdlü N. Muradova zəhərlənmə diaqnozu ilə tibb müəssisələrinin birinə yerləşdirilib. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Bərdənin Həsənqaya kəndində keçirilən yas mərasimində dəm qazından kütləvi zəhərlənmə halı qeydə alınıb. Məclisdə iştirak edən 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib. Zəhərlənənlər Raul Səbuhi oğlu Qasımov, Şəlalə Sultan qızı Qasımova, Məhbubə Fəqan qızı Hüseyinova, Gülnaz Nəzər qızı Hüseyinova, Elcan Şamo oğlu Cabbarov, Əsmər Əfqan qızı Hüseyinova, Samirə Qabil qızı Qasımova, Nəzakət Tapdıq qızı Hüseyinova, Yasəmən Ədalət qızı Qəmbərova dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət ediblər. Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
Dəm qazından zəhərlənmələr son illər qış fəslində yaşanan əsas problemlərdəndir. Necə edək ki, insanlarımız dəm qazından zəhərlənməsin?
Dəm qazı insanlarımızın ölüm səbəbinə çevrilməsin?
Araşdırmalar göstərir ki, zəhərlənmələr təhlükəsizlik tələblərinin pozulması səbəbindən baş verir. Aparılan maarifləndirmə işlərinə baxmayaraq hələ də bu təhlükənin qarşısını almaq mümkün olmur. Kommunal xidmətlər üzrə mütəxəssislər deyirlər ki, dəm qazından qorunmaq üçün ilk növbədə tüstü və ventilyasiya bacalarının yoxlanılmalıdır. Hər hansı qaz cihazının texniki göstəricilərinin yoxlanılması birbaşa təchizatçı qurumun vəzifəsidir.
“Xidmət əsas üç meyara - fasiləsizlik, təhlükəsizlik və keyfiyyətə söykənməlidir. Qazın keyfiyyəti isə ümumilikdə xidmətin keyfiyyətinə daxil olmalı, metan qazı lazımi səviyyədə təmizlənməlidir. Bu gün Azərbaycanda əhaliyə həm yerin altından çıxan təbii qaz, yəni metan, neftçıxarma zamanı istehsal edilən səmt qazı satılır. Metan qazı lazımi səviyyədə təmizlənməklə satıcıya çatdırılmalıdır. Əks təqdirdə, ölüm halları qaçılmazdır. Metan qazı səmt qazı ilə müqayisədə daha təhlükəsizdir. Səmt qazında ölümcül maddələr daha çoxdur. Bu səbəbdən bəzən məişətdə istifadə edilən qaz qırmızı rəngdə alovlanır. Yəni səmt qazı verilən ərazilərdə alov qırmızı, metan qazı olan ərazilərdə isə mavi rəngdə olur”.
Mütəxəssis İran sobalarının ölümcül olması haqda fikirlərə də toxunub: "İran sobaları" ölkəyə gətiriləndə gömrükdən keçir və üzərində uyğunluq sertifikatı olur. Yəni uyğunluq sertifikatı varsa, deməli, Azərbaycanda sobanın quraşdırılması icazəsi də var. Sadəcə belə sobalar quraşdırılarkən bacaların quraşdırılması qaydalarına riayət olunmur. Sobadan çıxan zəhərli qazlar baca ilə binanın damından azı yarım metr hündürə ötürülməlidir. Adamlar sobanı quraşdırıb bacanı evin içində olan içi su ilə dolu vedrəyə yerləşdirirlər. Düşünürlər ki, zəhərli qazlar suda həll olacaq. Yəni bu cür absurd hərəkətlərlə özlərinin və yaxınlarının zəhərlənməsinə yol açırlar. Və ya sobadan bacanı evin çölünə ötürürlər, düşünürlər ki, vəssalam, tüstü qazları çölə getdi. Küləyin həmin bacaya dolmasını, nəticədə zəhərli qazların evinin içinə üfürülməsini ağıllarına belə gətirmirlər. Əksərən qazdan zəhərlənmələr cənub küləyinin sürətli olduğu günlərə təsadüf edir. Bunun səbəbi də tüstü bacalarının çox vaxt məhz binaların cənub hissəsinə quraşdırılması ilə bağlıdır. Bacaların təmiz və quru olması da vacibdir. Bəziləri yağış suyunun içəri daxil olmasının qarşısını almaq üçün bacanın ağzını daşla və ya dəmir parçası ilə bağlayır. Bu, havasızlıq yaradır və yanmanın qarşısını alır. Nəticədə sobada yanan qazdan əmələ gələn zəhər çölə deyil, otağa daxil olur və zəhərlənmə üçün şərait yaradır".
Qaz sobasında yanma prosesinin düzgün getməsini hər kəs yoxlaya bilər: “Sobada qaz yandığı halda soba isti, baca isə soyuqdursa, deməli, zəhərli qazlar otağa daxil olur. Belə halda boru mütləq uzadılmalıdır. Boru nə qədər uzun olsa, o qədər təhlükəsiz olar. Yəni sovrulma prosesi, bacadan zəhərli qaz axını daha tez təmin olunar”.
Mütəxəssislər Azərbaycanda kombi sistemlərindən istifadənin geniş yayıldığını, lakin bir çox hallarda kombilərin düzgün quraşdırılmadığını deyib: “Belə qurğuları xüsusi qutuların içində yerləşdirir, hər tərəfini bağlayırlar. Bu zaman kombiyə hava axınının qarşısı alınır deyə qazın tam yanması prosesi getmir və dəm qazı əmələ gələrək ətrafa yayılır. Bu zaman da zəhərlənmə baş verə, hətta xoşagəlməz nəticələrə qədər gedib çıxa bilər. Odur ki, kombiləri bər-bəzəkli qutuların içində gizlədərkən hava axını nəzərə alınmalıdır”.
Qaza vurulan aderant konsentrasiyasının miqdarından artıq olması zamanı da zəhərlənmə hallarının baş verə biləcəyini qeyd edib.
Rəsmilər Azərbaycanda əhaliyə satılan qazın keyfiyyətinin 55422014 QOST-nun tələblərinə uyğun olduğunu açıqlayıblar.
Hazırda təqaüddə olan qocaman mühəndis, uzun illər Azərbaycanın qaz istismar sahəsində rəhbər vəzifələrdə çalışmış Oqtay Əliyev demişdi ki, qazdan zəhərlənmələrin səbəbləri sırasında əsasən cihazların texniki qaydalara uyğun olaraq quraşdırılmaması, əhaliyə satılan qazın tərkibi ilk yerlədirdədir: “Təbii qaz rəngsiz, iysizdir. Bunu orta məktəbdə keçirlər. Təbii qazın tərkibinə aderant vurulur ki, iyi hiss olunsun. Aderant maddəsi təbii qaza ona görə vurulur ki, abonent qazın verilişini hiss etsin. Aderantın iyindən ərazidə qaz olması bilinir. Aderant olmayanda isə qazın iyi hiss olunmur. Təbii ki, belə halda da mənzilə qaz dolanda hiss etməsək, zəhərlənmə, hətta qazdan ölümlə nəticələnən hadisələr də meydana gəlir”.
Oqtay Əliyevin sözlərinə görə aderant sovet dövründə də, bu gün də xaricdən valyuta ilə alınır: “Aderantı o dövrdə də, bu gün də Almaniyadan alırıq. Sovet dövründə aderantın qazötürücü stansiyalarda qaza qatıb abonentlərə çatdırırdılar. Qazdan zəhərlənmə olanda Moskvadan xüsusi yoxlama gəlirdi, bizi çox ciddi şəkildə təftiş edirdilər. O dövrdə kimsənin ağlına belə gəlməzdi ki, aderantı təbii qaza qatmayıb abonentlərə ötürsün. Bu gün isə belə halların olduğunu eşidirik. Aderantın qoxusu elədir ki, qaz sızması olarsa, abonent zamanında hiss edir və qaçıb canlarını qutarırlar. Ötən ilə xəbər yayıldı ki, guya qaza aderantı çox qatıblar və zəhərlənmə baş verib. Əslində isə aderant çox bahalı maddədir, bu maddənin təbii qaza çox vurulmasına inanmıram. Aderant təbii qazda varsa, o dəqiqə hiss olunur. Yəni kimsə onun iyində dayana bilməz. Məhz bu xüsusiyyətinə görə təbii qaza qatılır ki, qaz sızması halında aderantın iyini hiss olunsun”.
Mütəxəssislər məsləhət görür ki, hamam otağında və digər qapalı yerlərdə mütləq nəfəslik və yelçəkən olmalıdır. Bundan başqa, qazla işləyən cihaz olan evlərdə və obyektlərdə maqnit təsirli spesifik qurğular quraşdırılmalıdır. Dəm qazından zəhərlənmə halları baş veribsə, mütəxəssis aşağıdakıları etməyi məsləhət görür:
İlk öncə zərərçəkəni dərhal təmiz havaya çıxarmaq, kürəyi üstə uzadıb yaxasını açıb kip geyimdən azad etmək lazımdır;
Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompress qoyulmalıdır;
Zərərçəkmişin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir, əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır;
Zərərçəkmişin tənəffüsü dayanıbsa, yaxud çox zəifləyibsə, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com