Dələduzluq, sənəd saxtalaşdırma, reyder hücumu - İctimai Birlik sədrinin ŞOK CİNAYƏT DOSYESİ

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmməd oğlu Məmmədov barəsindəki qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, Qurban Məmmədovun kassasiya şikayəti hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

Qurban Məmmədov bu ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə növbəti dəfə dələduzluqla yanaşı, rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib. Qurban Məmmədovun cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Məhkəmə hökmünə əsasən, Qurban Məmmədovun ayağına elektron qolbaq bağlanıb. Bundan başqa, ona 5 min manat məbləğində cərimə cəzası təyin edilib. Qurban Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib. Bu, Qurban Məmmədovun 3-cü məhkumluğudur. Hər halda ictimaiyyətə məlum olan üzərindəki məhkəmə hökmüdür.

Buna qədər, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmməd oğlu Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar.

Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.

1970-ci il təvəllüdlü Qurban Məmməd oğlu Məmmədov 2022-ci il fevralın 1-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib. Bununla əlaqədar 2022-ci il fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Qurban Məmmədova xəbərdarlıq edilib. Lakin bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Qurban Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər.

Araşdırma zamanı Qurban Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib. Sonuncu ittihama görə isə Qurban Məmmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib.

Dələduzluq etməklə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyini bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik edib, hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlayıb. Belə ki, o, hər hansı hüquq müəyyənedici sənədi olmayan, paytaxtın Xətai rayonu, Gəncə prospekti 23 B ünvanında yerləşən 0,04 ha ölçüdə torpaq sahəsini zərərçəkmiş şəxsin adına sənədləşdirilməsinə köməklik göstərməsini vəd edib.

Məhkəmədə zərərçəkmiş şəxs ifadəsində göstərib ki, 2020-ci ilin əvvəllərində o, fərdi yaşayış evi inşa etmək məqsədilə torpaq almaq qərarına gəlib və bu barədə qardaşı ilə məsləhətləşib. Qardaşına torpaq sahəsi alınması məqsədilə 97 min manat məbləğində pul verib. Qardaşı da həmin pulu Məmməd Qurbanova verib. Təqsirləndirilən şəxs 97 min manat pulun 52 min manatını hissə-hissə olmaqla 2 dəfəyə qaytarıb. Zərərçəkmiş məhkəmədə ona 45 min manat pulun qaytarılmalı olduğunu söyləyib.

Qurban Məmmədovun adı Nərimanov rayonunda reyder dəstəsinin dövlət torpağına gecə hücumu, 100-ə yaxın ağacın sındırılaraq məhvində də hallanırdı.

İttiham aktında bu epizod şübhəli şəkildə yoxdur!

Belə ki, onun adı 2021-ci il aprelin 1-də Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki dövlətə məxsus səki və yaşıllıq zolağına bir qrup şəxslə birgə reyder hücumunda hallanırdı. Qurban Məmmədovun ətrafında olan şəxslər əraziyə gecə basqını edərək oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb, yaşıllığı məhv ediblər. “Yaşıl terror” ərazidə hər hansı bir yaşıllıq zolağının olmaması və oranın rahat şəkildə zəbt olunmasına hesablanıb. Növbəti gün səhər isə Qurban Məmmədov gecə basqınında iştirak etmiş şəxslərin əhatəsində əraziyə gəlib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin, Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, telekanalların əməkdaşları ərazidə olub gecə basqını ilə bağlı araşdırma aparıblar.

Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri ilə bağlı nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib. Nərimanov Rayon Prokurorluğunun “yaşıl terror”la bağlı hansı addımı atması isə hələ də bilinmir.

Zəbtinə hazırlıq görülən Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısının önü idi. Buna görə də ASC-də fəaliyyət göstərən kiçik sahibkarlar Qurban Məmmədov və başının dəstəsinin qanunsuz hərəkətlərinə etiraz edirdilər. Deyirdilər ki, Qurban Məmmədovun guya əraziyə aid olan sənəd kimi təqdim etdiyi sənəd saxtadır. Onun 2008-ci ilə aid olduğunu bildirdiyi sənəd ümumiyyətlə, mövcud deyil. Kiçik sahibkarlar bildirirlər ki, hazırda Qurban Məmmədov və onun adından danışanlar ortaya 29 iyun 2021-ci ildə Əmlak Komitəsi tərəfindən verilmiş “1121069551” qeydiyyat nömrəli çıxarış təqdim edirlər. Hansı ki, Əmlak Komitəsinin səkiyə və yaşıllıq zolağına nəinki çıxarış vermək, ümumiyyətlə, icarə müqaviləsi bağlamağa səlahiyyəti yoxdur. Çünki ərazi dövlətə məxsus səki və yaşıllıq zonasıdır.

Ora faktiki olaraq heç bir zaman “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin istifadəsində olmayıb! “Magistral Ekspress” ASC-nin üzvləri iş yerləri qarşısında baş verən dövlət torpağının zəbtinin qarşısını almaq üçün Nərimanov Rayon Məhkəməsinə iddia təqdim ediblər. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əmlak Komitəsinin hüquqşünası sözügedən İctimai Birliyə çıxarışın verilməsinə əsas verən sənəd kimi Bakı Şəhər İcra Hakimiyyətinin 646 saylı, 20.07.2000-ci il tarixli, “Əlillərin maddi rifahının yaxşılaşdırılması haqqında” sərəncamı göstərib və təqdim edib. Komitə hüquqşünasının məhkəməyə təqdim etdiyi 2000-ci ilə aid 646 saylı rəsmi sənədi o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Allahverdiyev imzalayıb.

Kiril əlifbasında yazılan sərəncamın mətni belədir:

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 21.01.2000-ci il tarixli, A-134 nömrəli məktubu və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının 14.04.2000-ci il tarixli, 14 nömrəli məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Dərnəgül 1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yüngül dəmir konstruksiyalı, tikinti materiallarının satışı və pavilyon quraşdırılması üçün 671 kvadrat metr torpaq sahəsi Qarabağ müharibəsi əlili Qurban Məmmədova icarəyə verilsin.

2. Pavilyon Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz əsasında ixtisaslaşdırılmış istehsalatda hazırlanmalıdır.

Kiçik sahibkarlar deyirlər ki, 646 saylı sərəncamda Qurban Məmmədovun atasının adının yazılmaması, onun özünün şəxsiyyəti, əvvəllər qrup şəkilində dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunması onlarda sənədin saxta olmasında əsaslı şübhələr yaradıb. Bundan başqa, Əmlak Komitəsinin əsaslandığı həmin rəsmi sənəddə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin adı da çəkilmir! Buna baxmayaraq, Əmlak Komitəsi 646 saylı sərəncama əsaslanmaqla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayırıb?!

Kiçik sahibkarlar sual edirlər: - necə olur ki, torpaq sərəncamla Qurbana, çıxarış İctimai Birliyə verilib?

Və növbəti sualı verirlər:

- Əmlak Komitəsinə təqdim olunan rəsmi sənəddə torpağın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə Qurban Məmmədova ayrıldığı açıq-aydın yazılıb.

Komitənin hüquqşünası da deyir ki, çıxarışla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə vermişik. Bu cinayətə bərabər qanunsuzluğa kim imza atıb?

Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora soxuşdurmağı bacaran kim ola bilər?

Kiçik sahibkarlar deyir ki, üstəlik, Əmlak Komitəsinin hüquqşünası 10.09.2008-ci il 7-5395/17 nömrəli bir məktuba da istinad edir:

- İstinad edilən məktubun faktiki olaraq bu işə aidiyyəti yoxdur. Əmlak Komitəsinin əsas kimi götürdüyü 646 saylı sərəncam isə saxtadır, saxtalaşdırılıb! Bəli, saxtalaşdırmanı əlimizdəki sənədə əsasən sübut edirik. Amma bir məqamı da qeyd etməklə - həmin saxta sənəd Nərimanov Rayon Məhkəməsinə Əmlak Komitəsinin hüquqşünası tərəfindən rəsmi qaydada təqdim olunub. Əslində bu, böyük bir cinayət şəbəkəsinin fəaliyyətidir. Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora keçirməyi bacaran kim ola bilər?

646 saylı sərəncam Nizami rayonuna aiddir, Qurban Məmmədovun adına saxtalaşdırmaqla Nərimanova aid edilib...

Nərimanov Məhkəməsi iddiamızın aidiyyətinin Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə daxil olduğunu deyib, baxılmamış saxladı. Aidiyyəti üzrə iddianı Bakı İnzibatı Məhkəməsinə təqdim etdik.

646 saylı bu sərəncamın saxtalığını sübut edən əsas sənəd də məhz Bakı İnzibati Məhkəməsində üzə çıxdı. Belə ki, iddiamız əsasında araşdırma aparılarkən hakim Səlma Salahova Bakı Şəhər İcra Hakimiyyətinə 646 saylı sərəncamın surətinin təqdim edilməsi ilə bağlı sorğu verdi. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yaqut Mönsümovanın imzaladığı rəsmi cavaba 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın surəti əlavə olunaraq məhkəməyə təqdim olundu.

Bununla da böyük bir cinayətin üstü açılır...

23 sentyabr 2021-ci ildə hakim Səlma Salahovaya BŞİH-dən təqdim olunan 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın mətni tamam fərqlidir. Əmlak Komitəsinə təqdim edilən, Əmlak Komitəsi hüquqşünasının da Nərimanov məhkəməsinə rəsmi şəkildə verdiyi 646 saylı sərəncam Qurban Məmmədovun xeyrinə saxtalaşdırılıb.

646 saylı sərəncam Qarabağ əlili Məcid Abbasova 30 kvadratmetr torpaq ayrılması haqdadır. 646 saylı, “Pavilyon quraşdırılmasına icazə verilməsi haqqında” sərəncamın əslinin mətnini təqdim edirik:

1. Nizami Rayon İcra Hakimiyyəti başçısının 21.01.2000-ci il А-134 nömrəli məktubu və Gürcüstan Respublikası Daimi Nümayəndəliyinin 14.04.2000-ci il tarixli, 14 nömrəli məktubu nəzərə alınaraq, Nizami rayonu, 2571-ci məhəllədə yüngül dəmir konstruksiyalı pavilyon quraşdırılması üçün 30 kvadratmetr torpaq sahəsi Qarabağ müharibəsi əlili Məcid Abbasova icarəyə verilsin.

2. Pavilyon Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz əsasında ixtisaslaşdırılmış istehsalatda hazırlanmalıdır.

“Magistral Ekspess” ASC-nin üzvləri olan kiçik sahibkarlar demişdilər ki, onların iş yerlərinin önündə, giriş qapısının düz qarşısındakı 6 sot yaşıllıq zolağı və piyada səkisinin saxta sərəncam, onun əsasında alınan əsassız və qanunsuzluğu göz önündə olan çıxarışla ələ keçirmək cəhdi var.

Maraqlıdır ki, bu epizod Qurban Məmmədovla bağlı istintaq materiallarında yer almayıb.

Ali Məhkəmə Qurban Məmmədovun kassasiya şikayətinə sentyabrın 6-da baxacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

02.09.2024 12:22
1431