Dələduzluğunu it sümüklərini yandırmaqla gizlətdi, kreditlə televizor alanda ələ keçdi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində maşına heyvan sümükləri qoyub yandırmaqla özünü ölmüş təqdim edən Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. “Kaspian İnşaat MB” tikinti şirkətinin direktoru olmuş Rafət Qəniyev mənzil dələduzluğunda ittiham olunur. İttihama görə o, direktoru olduğu şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb. Rafət Qəniyev məhkəməsində deyib ki, məsuliyyətdən yayınmaq üçün özü haqqında ölmüş təsəvvürü yaratmaq fikrinə düşüb.

Musavat.com xəbər verir ki, iş üzrə mənzil dələduzluğu ilə əlaqədar 12 nəfər zərərçəkmiş qismində tanınıb. Bu məsələ ilə əlaqədar Rafət Qəniyev bildirib ki, zərərçəkmişlər dindiriləndən sonra o, ifadə verəcək. Zərərçəkmiş Rəhman Rəhmanov deyir ki, “Kaspian İnşaat MB” şirkətinin Yasamalda tikdiyi binada 2012-ci ildə ev alıb. Bir neçə ay sonra bilib ki, evini başqasına satıblar: “Evimin orderini başqası mənə göstərdi. Amma mən evdən çıxmadım. Polisə müraciət edəndə bildim ki, evimi üç nəfərə satıblar. Evdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb, satıblar”.

Zərərçəkmiş Rəhman Rəhmanov hesab edir ki, bu işləri görmək təkcə Rafət Qəniyevlik deyil. Onun fikrincə, proseslərdə iştirak edən başqa adamlar da olub: “Bu işləri görmək onun başı üçün deyil. Ona kimsə kömək edib...”

Rafət Qəniyev təsdiqləyib ki, Rəhman Rəhmanovun mənzilini 3 nəfərə satıb. Deyir ki, onun mənzilinin nömrəsi 37 idi. Dəyişib 38 edib və beləliklə, başqasına satıb. Başqa bir zərərçəkən Firudin Əhmədzadə 2010-cu ildə şirkətdən mənzil alıb və o vaxtdan orada yaşayır. Evinin başqasına satıldığını isə Rafət Qəniyev cinayət məsuliyyətinə cəlb olunandan sonra prokurorluqda öyrənib. Deyir ki, indiyədək kimsə gəlib onu narahat etməyib.

2021-ci il noyabrın 25-də Sabirabad-Qaragüney yolunda yanmış avtomobil, içində də Rafət Qəniyevə məxsus geyimlərlə sümük qalıqları tapılıb. Avtomobilin Sabirabad rayonu, Ətcələr kənd sakini Rafət Qəniyevə məxsus olduğu məlum olub. Avtomobildəki sümüklərin Rafət Qəniyevə məxsus olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilib. Müayinədən sonra sümüklər yaxınlarına təhvil verilib, Sabirabad rayonu Sarvan kənd qəbiristanlığında basdırılıb. Ailəsi onun üçün yas məclisi keçirib. Lakin üstündən təxminən bir il keçəndən sonra Rafət Qəniyev Yasamal rayonu ərazisindəki mağazalardan birindən kreditlə televizor almaq istərkən şəxsiyyət vəsiqəsini təqdim edib. Yoxlama zamanı bu vəsiqənin sahibinin “öldüyü” məlum olub. Bu səbəbdən dərhal polisə məlumat verilib. Polis Rafət Qəniyevi saxlayıb.

Rafət Qəniyev maşınını yandırdığı Qaragüney kəndində qayınatasıgil yaşayır. İddia olunur ki, hadisənin onlara gedərkən baş verdiyi görüntüsü yaratmaqdan ötrü məhz həmin ərazi seçilib. Rafət Qəniyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

06.09.2023 18:29
1381